date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində kadr potensialının gənc əməkdaşlarla komplektləşdirilməsi işi davam edir. Nazirliyin yerli icra və probasiya şöbə və bölmələrində vakant olan icra məmuru vəzifələri üçün 6, Məhkəmə Ekspertizası Mərkəzində isə vakant olan ekspert vəzifəsi üzrə 1 namizəd ədliyyə qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmışdır. Müsabiqədən uğur qazanmış gənc əməkdaşlar üçün nazirlikdə andiçmə mərasimi keçirilib.

Mərasimi nazirliyin kadrlar bölməsinin rəisi ədliyyə müşaviri Niyaməddin Əliyev açaraq bildirib ki, muxtar respublikanın bütün sahələrində olduğu kimi gənclərə hərtərəfli qayğı və diqqət göstərilməsi, onların problemlərinin həlli istiqamətində bütün dövlət qurumlarında zəruri tədbirlər görülməsi, gənclərin əməyindən hərtərəfli istifadə olunması diqqət mərkəzində saxlanılır. Ədliyyə sistemində müasir tələblərə cavab verən dövlət idarəetmə mexanizmi formalaşmışdır. Ədliyyə sahəsində bugün də davam etdirilən hərtərəfli islahatlar prosesinin ən mühim istiqamətlərində biri kimi müsabiqə yolu ilə qulluğa qəbul kadr potensialının komplektləşdirilməsinin ən mütərəqqi üsuludur. Ədliyyə orqanlarına qulluğa qəbul aşkarlıq və şəffaflıq prsinsiplərinə uyğun həyata keçirilir.

Sonra gənc ədliyyə qulluqçuları çıxış edərək yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmiş, vəzifələrinin icrasına məsuliyyətlə yanaşacaqlırını qeyd etmişlər. Təyinat alan əməkdaşların əmrləri elan olunmuşdur. Gənc ədliyyə qulluqçuları Azərbaycan Respublikasının Dövlət Bayrağının önündə and içmiş və onlara xidməti vəsiqələri təqdim olunmuşdur.

Sonda nazirliyin icra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov icra məmurlarının vəzifələrini diqqətə çatdırmaqla gələcəkdə onların bu vəzifələri layiqincə yerinə yetirəcəklərini bildirdi. Vurğulandı ki, müsabiqədə müvəffəqiyyət qazanmış hər bir gənc əməkdaş öz sahəsini mükəmməl öyrənməli, elmi biliklərini daimi artırmalı, vəzifələrini icra edərkən ədliyyə orqanı əməkdaşının nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməməlidir. Ədliyyə qulluqçuları səlahiyyətlərini icra edərkən, ilk növbədə dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, vəzifələrini böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidirlər. Ədliyyə qulluqçularının anda sadiq qalacaqlarına, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəklərinə, göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edən şöbə rəisi onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti