date saat

28 avqust 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirmişdir ki, 28 avqust 2021-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikanın qışa hazırlığını təhlil etmiş, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar vermişdir.

Nazir bildirmişdir ki, Muxtar Respublika Rəhbərinin ardıcıl və yorulmaz fəaliyyəti nəticəsində muxtar respublikamızda ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması, sosial-iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi, yaşayış məntəqələrində kompleks quruculuq işlərinin aparılması əhalinin rifahını yüksəltmiş və rahat yaşayışına səbəb olmuşdur. Bütün dövlət qurumlarının müasir binalarda yerləşməsi, fasiləsiz rabitə və nəqliyyat xidmətlərinin göstərilməsi, gündəlik tələbatın ödənilməsi payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırmışdır. Lakin bu sahədə görülən işlər bizlərə arxayınlaşmaq üçün əsas vermir. Buna görə də payız-qış mövsümünə hazırlıq işləri hər il diqqət mərkəzində saxlanılır. Keçirilən müşavirədə növbəti mövsümə hazırlıqla əlaqədar dövlət orqanlarına müvafiq tapşırıqlar verilmişdir. Bu sahədə Ədliyyə Nazirliyinin də üzərinə mühüm vəzifələr qoyulmuşdur. Qeyd edilmişdir ki, Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin istiliklə fasiləsiz təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır.

Vurğulanıb ki, ötən il olduğu kimi bu ildə qışa hazırlığı vaxtında yerinə yetirməli, mövsümü təhlükəsiz, etibarlı şəkildə başa vurmalıyıq. Bununla əlaqədar olaraq payız-qış mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxanalar və kombi sistemləri texniki baxışdan keçirilməli, elektrik enerjisi, su xətləri və nasoslarla bağlı yarana biləcək problemlər aradan qaldırılmalıdır. İstilik sistemlərindən istifadə edərkən hər bir əməkdaşımız təhlükəsizlik tələblərinə riayət etməli, israfçılığa yol verməməlidir.

Nazir bildirmişdir ki, əsas vəzifələrimizdən biri də dövlət tərəfindən ayrılmış vəsait hesabına alınan təminatı təyinatı üzrə lazımi qaydada qənaətlə istifadə olunmasını təmin etməkdir. Penitensiar Xidmətdə cəzaçəkmə müəssisələrinin bütün tələbatları nəzərə alınaraq, məhkumların isti geyim və ərzaqla təminatı sahəsində ehtiyac üzrə sifarişlər verilərək təyinatı üzrə istifadəsi diqqət mərkəzində saxlanılmalıdır. Qış mövsümü üçün tədarük edilən məhsulların soyuducu anbarlarda  saxlanmasına nəzarət edilməlidir. Alınmış ərzaqların təzə və keyfiyyətli olmasına diqqət yetirməklə əsas hissəsinin yerli məhsullardan ibarət olması təmin edilməlidir.

Məhkumların sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır. Tibb-sanitar hissəsində lazımi dərman preparatalarının alınması, məhkumların mütəmadi olaraq həkim müayinəsindən keçirilməsi təmin olunmalıdır. Qış mövsümü xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərmanların sifarişi verilməlidir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq cəzaçəkmə müəssisələrinin giriş və çıxışlarına nəzarət gücləndirilməli, kompleks dezinfeksiya işləri davam etdirilməlidir. Müəssisələrin balansında olan avtomobillərin saz vəziyyətdə olması və payız-qış mövsümünə hazırlıq vəziyyəti yoxlanılmalı, texniki baxışdan keçirilməlidir.

Məruzə ətrafında Penitensiar Xidmətin təsərrüfat bölməsinin rəisi, ədliyyə mayoru Dövran Abdinov, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Rəşad Fərzəliyev, Mühafizə Taborunun komandiri, ədliyyə mayoru Ramin Əsgərov çıxış etmiş, nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi müavini əvəzi, I dərəcəli ədliyyə qulluqçusu Ələkbər Hüseynov tədbirlər planını elan etmişdir.

Nazir müşavirəyə yekun vuraraq verilmiş tapşırıqların qısa zamanda təmin ediləcəyini bildirmiş, bu məqsədlə tədbirlər planı təsdiq edilmişdir.

    Naxçıvan Muxtar Respublikası                           

Ədliyyə Nazirliyinin Mətbuat Xidməti