date saat
Muxtar respublikada hər sahədə olduğu kimi ədliyyə sisteminin də inkişafı və təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, nazirlikdə müasir tələblərə cavab verən dövlət idarəetmə mexanizmi formalaşmışdır. Nazirliyin kadr potensialının möhkəmləndirilməsi, vakant vəzifələrin gənc əməkdaşlarla komplektləşdirilməsi, əməkdaşların bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü tədbirlər görülür. Ədliyyə orqanlarına qulluğa qəbul aşkarlıq və şəffaflıq prinsiplərinə uyğun həyata keçirilir.
Bu tədbirlər çərçivəsində nazirliyin yerli icra və probasiya qurumlarında vakant olan icra məmuru vəzifələri üzrə 6, Məhkəmə Ekspertizası Mərkəzində isə vakant ekspert vəzifəsi üzrə 1 namizəd Ədliyyə Akademiyasında onlayn icbari təlimə cəlb olunmuşdur. Distant formada keçirilmiş təlimin yekunları ilə bağlı onlayn imtahan keçirilmişdir. İmtahanda iştirak edən namizədlərin hər biri müsbət nəticə əldə etmiş, ədliyyə orqanlarında peşə fəaliyyəti ilə məşğul olmaq hüququ qazanaraq müvafiq şəhadətnamələr almışlar. Nazirliyin əməkdaşı onlayn imtahanda komissiya üzvü kimi iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının
Ədliyyə Nazirliyinin mətbuat xidməti