date saat
Ölkəmizdə ailə dəyərlərinin sütunları illərin, əsrlərin sınağından keçən dəyərlərə söykənir. Ailə hər bir cəmiyyətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Bu da hər bir xalqın mental dəyərlərinin, mənəviyyatının nə qədər zəngin, tarixi kökə malik olmasından xəbər verir. Ailə insanlar arasında qurulan münasibətlərin ən qədim və unikal formasıdır. Ailə elə bir sistemdir ki, özündə çoxtərəfli münasibətləri ehtiva edir. Bu, ayrı-ayrılıqda valideynlər, övladlar arasındakı münasibətlər, valideyn-övlad münasibətləri, həmçinin qohumların da daxil olduğu geniş bir sistemdir. Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı ailə modellərdən biridir. Ölkəmizdə ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazası yaradılmışdır. Təəssüf ki, cəmiyyətdə nikahın pozulması halları da baş verir. Məlumdur ki, dünyada baş verən çoxsaylı proseslər kiçik dövlət modeli sayıla biləcək ailə münasibətlərinə də öz təsirini göstərməkdədir. Ölkəmizdə ailə modelinin qorunub saxlanılması üçün müxtəlif proqramlar hazırlanır, sosial layihələr həyata keçirilir, qanunlar qəbul edilir. Belə qanunlardan biri də ailə münaqişələri, eləcə də əmək, hətta kommersiya münasibətlərində yaranan mübahisələrin məhkəmələrdən kənar həll olunması üçün 2021- ci il iyulun 1-dən qüvvəyə minən "Mediasiya haqqında" qanundur. Mediasiya, latınca “mediare” sözündən götürülmüş, mənası “vasitəçilik etmə” deməkdir. Qanuna əsasən mediasiya-mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli prosesidir. Belə ki, mediatorlar tərəflərə mübahisəli məsələyə fərqli bucaqdan yanaşmağa kömək edir, tərəflər arasında ortaq maraqların yaranmasına vasitəçilik edir və mövcud problemdən çıxış yolları təklif edir.
Mübahisələrin məhkəmədənkənar alternativ həlli mexanizmi sayılan mediasiya prosesinə həm məhkəməyə qədər, həm də məhkəmə prosesləri zamanı müraciət etmək olar. Bu könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. Digər ölkələrdə də geniş istifadə olunan mediasiya institutu münaqişə səviyyəsini azaldıb, tərəfləri razı salacaq variant tapır. Eləcə də ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər - nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər.
Mediasiya prosesi tərəflər arasında bağlanılan "Mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında həyata keçirilir. Mediasiya danışıqlar şəraitində həyata keçirilir və
- mediasiya prosesinə hazırlıq,
- mediasiya prosesinin başlanılması,
- tərəflərin mübahisənin mahiyyətini açıqlaması,
- tərəflərin hər biri ilə ayrı-ayrılıqda danışıq,
- mübahisənin həlli üçün təkliflərin hazırlanması,
- mediasiya prosesinin yekunlaşdırılması,
- mediasiya prosesinə xitam verilməsi,
- barışıq sazişinin icrası mərhələlərindən ibarətdir.
Ailə mübahisələri ilə yanaşı, iqtisadi və əmək mübahisələri ilə bağlı da mediasiya proseduru zəruridir. Belə ki, bu mübahisələrlə bağlı tərəflər məhkəməyə müraciət etməmişdən öncə mediasiya prosesindən keçməlidir. Bu prosesin nəticəsində tərəflər razılığa gələrsə, barışıq sazişi imzalanır.
Mediasiya maraqların uzlaşmasını həyata keçirən bir prosesdir. Ailə münasibətlərinin normal davam etməsinə kömək edir. Tutaq ki, boşanma zamanı əmlakın bölünməsi, alimentin ödənilməsi və uşaqla görüşlə bağlı mübahisə var. Bu zaman mediasiya bu mübahisəni tərəflərin razılığı və hüquqi baxımdan həll edir. Hər kəsin maraqları təmin edilmiş olur. Hər kəs qəbul edilmiş qərarlarla razılaşır. Bir tərəfin lehinə, digər tərəfin əleyhinə qərarlar qəbul edilməsi mediasiyanın hüquqi təbiətinə ziddir.
İradə Quliyeva
Ədliyyə Nazirliyinin əməkdaşı
"Nuhcixan.az" İnformasiya Agentliyində dərc edilmişdir