date saat

İnsan təfəkkürünə söykənən hər bir fəaliyyətin hüquqi çərçivəyə salınmasına həmişə ehtiyac olmuşdur. Belə ki, dünyada ilk qanunların qəbulundan başlayaraq hüquqi tənzimlənmə cəmiyyətin inkişafında özünəməxsus rol oynamışdır. Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyanın qəbulu cəmiyyət həyatında əsaslı dəyişikliklərə yol açdı və qanunvericilik sisteminin inkişafına da olduqca mühüm təsir göstərdi.

Ölkəmizdə və muxtar respublikada həyata keçirilən hüquqi islahatlar çərçivəsində qanunvericilik bazası tamamilə yeniləndi, normativ-hüquqi aktlar qəbul edildi. Muxtar respublikamızda da bütün sahələrə göstərilən diqqət bu sahənin də inkişaf etdirilməsinə və müasirləşməsinə öz təsirini göstərdi. Ötən dövrdə “Normativhüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun qəbul edilməsi ilə 2012-ci il yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin fəaliyyətə başlaması mühüm yeniliklərdən biri kimi qəbul olunmalıdır. Qısa müddətdə muxtar respublikada Hüquqi Aktların Dövlət Reyestrinin formalaşdırılması və aparılması üçün zəruri tədbirlər həyata keçirildi. Hazırda müasir dövrün tələblərinə uyğun olaraq reyestrin fəaliyyəti muxtar respublikanın Ədliyyə Nazirliyi tərəfindən təmin olunur. Fəaliyyət göstərdiyi müddətdə reyestrə iki min üç yüzdən çox hüquqi akt daxil edilmişdir. Reyestr hüquqi aktlarla bağlı geniş axtarış imkanlarına malikdir ki, bu da hüquqi aktların məzmunu ilə qısa bir müddətdə tanış olmağa və axtarış həyata keçirilməklə əldə edilməsinə əlverişli imkanlar yaradır. Reyestrin yaradılmasında məqsəd qəbul edilən hüquqi aktların aşkarlığının təmin edilməsinə nail olmaq, müvafiq dövlət orqanlarının qarşılıqlı əlaqələrini bu istiqamət üzrə müəyyən etməkdir. HüquqiAktların Dövlət Reyestrinin elektron variantının yaradılması hüquqi aktlar barədə dövlət informasiya ehtiyatını yaratmaqla ictimaiyyətin, müxtəlif sahələrdə çalışan peşə sahiblərinin vaxt itkisinə yol vermədən informasiya əldə etmək imkanlarını asanlaşdırmışdır. Reyestrə daxil edilmək üçün təqdim edilən bütün hüquqi aktlar hüquqiaktlar.nakhchivan.azinternetsaytında dərc olunur. Həmin sayta daxil edilən hüquqi aktlar qanunla müəyyən edilən struktura uyğun yerləşdirilir. Saytın istifadəçiləri “Dövlət reyestri haqqında” adlanan bölmədə reyestrin hüquqi əsası, məqsədi və aparılması qaydası haqqında ətraflı məlumat ala bilərlər. Reyestrin elektron variantının ictimaiyyət üçün daim açıqlığı, yeni hüquqi aktlarla zənginləşməsi ondan istifadə edənlərin sayını artırır, hüquqi biliklərin təbliğinə öz müsbət təsirini göstərir.

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti