date saat
Avqustun 13-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində dövlət və xüsusi ofislərində fəaliyyət göstərən notariusların və əməkdaşların iştirakı ilə tədris saatı təşkil edilmişdir.
Nazirliyin iş planının müvafiq bəndinin icrası ilə əlaqədar keçirilən tədris saatında qeyd edilib ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən nazirliyin fəaliyyətinə dair verilən tapşırıqlardan biri də xüsusi qaydada fəaliyyət göstərən notariusların qanunvericiliyə əməl etməsinə nəzarət edilməsi olmuşdur. Verilən tapşırığın icrası ilə əlaqədar olaraq nazirlik tərəfindən mütəmadi olaraq notariat ofislərində görülən işlər təhlil olunur, bu sahədə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Notariuslar notariat fəaliyyəti sahəsində qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı metodiki tövsiyələrlə təmin olunurlar.
Tədris saatında çıxış edənlər kargüzarlıq işinin aparılması sahəsində qanunvericiliyin tələblərini iştirakçıların diqqətinə çatdırmışlar. Belə ki, “Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında” və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatların, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariusun etik davranış kodeksi”nin tələbləri barədə ətraflı məlumat verilmiş, fəaliyyətindən asılı olmayaraq xidməti fəaliyyətləri zamanı qeyd edilənlərə ciddi əməl olunmasının zəruriliyi vurğulanmışdır.
Bildirilib ki, notariat hərəkətlərinin aparılması zamanı notariuslar notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu düzgün həyata keçirməli, vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyəti yüksəldilməli, notariusun etik davranış kodeksinə əməl edilməlidir. Notariuslar nizam-intizamlı olmalı və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərlə nəzakətli davranmalıdırlar.
Notariuslar öz növbəsində notariat hərəkətlərinin rəsmiləşdirilməsi zamanı qanunun tələblərinə ciddi əməl etməli, daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı əqdlər təsdiq edilərkən əmlakın qiymətinin real bazar qiymətinə uyğunluğunun yoxlanılması bundan sonra da davam etdirilməlidir. Fəaliyyətləri ilə bağlı nazirliyin apardığı hüquqi maarifləndirmə tədbirlərində yaxından iştirak etməlidirlər.
Tədris saatı qarşılıqlı müzakirələr əsasında keçirilmiş, xidməti vəzifələrin icrası ilə əlaqədar müzakirə və təhlillər aparılmış, verilən suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti