date saat

Müstəqil dövlətimizin sosial-iqtisadi inkişafında artıq yeni mərhələnin təməli qoyulmuş və yüksək iqtisadi inkişaf üçün əsaslı zəmin yaradılmışdır. Ölkəmizdə bunun üçün zəruri olan təsisatlar və hüquqi baza formalaşmışdır. Torpaq da daşınmaz əmlak kimi ölkəmizin qiymətli sərvətlərindən biri olmaqla ərzaq təminatında da əsas istehsal vasitəsi rolunu oynayır. Ölkəmiz postsovet məkanında ilk torpaq islahatlarının aparıldığı dövlətlərdən biridir. 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanun bu sahədə əhəmiyyətli rol oynamışdır.

Azərbaycan Respublikası qanunvericiliyinə görə, torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Ailə təsərrüfatlarının yaradılması da bu mənada qanunvericiliklə tənzimlənir. Təsərrüfat fəaliyyətinin hüquqi və təşkilati əsasları isə 14 iyun 2005-ci ildə qəbul edilən “Ailə kəndli təsərrüfatı haqqında” Qanunla müəyyən edilmişdir. Ailə təsərrüfatının əmlakı onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri, tikililər, qurğular, istehsal və qeyri-istehsal vasitələri, pul vəsaitindən ibarətdir. İstifadə olunan əmlak təsərrüfat üzvlərindən birinin mülkiyyətində, üzvlərin ümumi paylı və ümumi birgə mülkiyyətində və ya icarəsində ola bilər.

“Ailə kəndli təsərrüfatı haqqında” Qanunda hüquqlar və vəzifələrlə bağlı məsələlər də öz əksini tapıbdır. Ailə kəndli təsərrüfatının torpağı və digər əmlakı əsasında müstəqil fəaliyyət göstərmək, əmlakının və əldə etdiyi faydanın istifadəsinə müstəqil sərəncam vermək, bank və kredit təşkilatlarında hesablar açmaq, onların xidmətlərindən istifadə etmək, mülkiyyətçilərdən torpaq və əmlakı satın almaq və ya icarəyə götürmək, kooperasiya əlaqələri qurmaq, əmlakını sığorta etdirmək, dəymiş ziyanın və itkilərin əvəzini almaq və sair hüquqları vardır.

Ailə kəndli təsərrüfatının vəzifələri isə bunlardır: torpaq sahəsinin məqsədli təyinatına uyğun olaraq səmərəli istifadə olunmasını təmin etmək, torpaqların münbitliyini təmin edən aqrotexniki tədbirləri həyata keçirmək, torpaq, su, meşə və ətraf mühitin mühafizəsi haqqında qanunvericilik aktlarının tələblərinə riayət etmək, vergiləri, məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəmək, istehsal etdiyi məhsulların, gördüyü iş və xidmətlərin keyfiyyətinə dair sanitariya, ekoloji tələblərə əməl etmək və sairə. Təsərrüfatın üzvləri isə qanunla müəyyən edilən vəzifələri yerinə yetirmədikdə məsuliyyət daşıyırlar.

Hər bir sahədə uğur qazanmaq qarşılıqlı münasibətlərdən də xeyli dərəcədə asılıdır. Ona görə də qanunda ailə təsərrüfatları ilə dövlət orqanları və bələdiyyələrin qarşılıqlı münasibətləri də tənzimlənir. Belə ki, ailə təsərrüfatları müəyyən proqramların hazırlanması və həyata keçirilməsində dövlət orqanları və bələdiyyələrlə könüllü olaraq qarşılıqlı fəaliyyət göstərə bilərlər. Qanunda göstərilir ki, müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr hətta təsərrüfatların dəstəklənməsinə maliyyə vəsaiti də nəzərdə tuta bilərlər. Bundan əlavə, yerlərdə ailə təsərrüfatına xidmət edən tədarük, emal, ticarət və təchizat şəbəkələrinin təşkili, aqroservis, aqrokimyəvi, zoobaytarlıq və digər xidmətlərin təşkili, həmçinin toxum, əkin materialı, cins mal-qara və quş, avadanlıq və ləvazimatla təminat, ekoloji təmiz istehsalın təşviqi və başqa istiqamətlərdə köməklik göstərilməsi də nəzərdə tutulmuşdur.

Təsərrüfat üzvləri arasında əmək münasibətləri, onların sosial sığortası və pensiya təminatı da qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, ailə təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir. Uçotun aparılması məqsədilə təsərrüfatın başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət etməlidir. Ərizədə təsərrüfat başçısının və üzvlərin adı, soyadı, atasının adı, yaşayış yeri və ailə təsərrüfatının yerləşdiyi yer barədə məlumatlar göstərilməli və təsərrüfat başçısının şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməlidir. Bələdiyyə orqanı tərəfindən ərizəyə iki gündən gec olmayaraq baxılır və bu müddət ərzində təsərrüfatın uçota götürülməsi barədə onun başçısına və ailə üzvlərinə rəsmi sənəd – vəsiqə verilir. Beləcə, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanunu ailə təsərrüfatlarının yaradılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Ədliyyə Nazirliyinin əməkdaşı Xəyal Eyvazov

01 iyul 2021-ci il tarixdə "Nuh yurdu" qəzetində dərc edilmişdir