date saat
İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında muxtar respublikanın birinci instansiya məhkəmələrinin əməkdaşlarının iştirakı ilə “Məhkəmə statistikasının aparılması və kargüzarlığın təşkili” mövzusunda seminar keçirilmişdir.
Qeyd edək ki, belə seminarlar nazirlik tərəfindən hər hesabat dövrünün sonunda bu sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək, məhkəmələrin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması və təhlil edilməsi, eləcə də kargüzarlığın təşkilində qanunvericiliyin tələblərinin izahı məqsədilə təşkil edilir.
Seminarda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanununa əsasən hakimlərin peşə hazırlığının artırılması, kargüzarığın aparılmasında metodiki köməkliyin göstərilməsi, onların maliyyə və digər maddi-texniki təminatının həyata keçirilməsi istiqamətində mütəmadi iş aparır. Bununla yanaşı birinci instansiya məhkəmələri isə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən öz fəaliyyətlərinə dair statistik hesabatlar tərtib edir və nazirliyə təqdim edirlər. Nazirlik illik və yarımillik olmaqla statistik hesabatların ümumiləşdirilməsini apararaq aidiyyəti üzrə göndərilməsinin təmin edir.
Seminarda məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi barədə ətraflı məlumat verilib, yeniliklər diqqətə çatdırılıb. Bildirilib ki, məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi diqqətdə saxlanılır, bununla bağlı tədbirlər görülür və yeniliklər qanunvericiliyin tələblərinə uyğunlaşdırılır. Seminarda nazirliyin əməkdaşları tərəfindən məhkəmə işçilərinə statistik hesabatların işlənməsi qaydaları ətraflı şəkildə izah edilmiş, kargüzarlıq sahəsində qanunvericiliyin tələbləri ilə bağlı lazımi tövsiyələr verilmişdir..
Sonda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və onlara yarımilin sonu ilə əlaqədar istifadə edilməsi üçün statistik hesabat formaları təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti