date saat
Hamımız gündəlik həyatımızda istehlakçıyıq. Tələbatımızı ödəmək üçün mal alırıq, işlərdən və xidmətlərdən faydalanırıq. Bu halda bizim istehlakçı kimi hüquqlarımız var. Həmin hüquqlar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla qorunur. Bu Qanun alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. İlk növbədə, Qanundakı bəzi anlayışlara diqqət edək. İstelahkçı- şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Bu anlayışa əsasən hər birimiz gündəlik olaraq şəxsi tələbatı ödəməyə çalışdıqda istehlakçı oluruq. İstehlakçı sayılmaq üçün mal, iş və xidmətlərdən faydalanmağın məqsədi şəxsi tələbatın ödənilməsi olmalıdır. Qanunun 2-ci fəsli "İstehlakçıların hüquqları" adlanır. Bəs hansı istehlakçı hüquqlarımız var?
- malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icrasının sərbəst seçilməsinə,
- istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına,
- malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə,
- malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə və s.
İstehlakçı mal alır, iş və xidmətlərdən istifadə edir. Mal anlayışına daşınar və daşınmaz əşyalar, iş və xidmətlərə isə pul və ya digər mənafe əvəzində göstərilən mal təminatından kənar başqa istənilən fəaliyyət aiddir.
Mal alarkən məlumat almaq hüququndan istifadə. Qanuna əsasən, istehlakçıların mal (iş, xidmət) haqqında dolğun və düzgün məlumat almaq hüququ vardır. Belə ki, istehsalçı, satıcı, icraçı istehlakçıya mal haqqında dolğun və düzgün məlumat verməyə borcludur. Məhz bu səbəbdən istehsalçı malın üzərində müvafiq normativ sənədə uyğun olaraq istehlakçını maraqlandıran malın adı, istehsalçının adı və ünvanı, mənşəyi və istehsal olunduğu ölkə, tərkibi, ticarət nişanı, istehsal tarixi, saxlanma şəraiti və müddəti, xalis çəkisi, qida dəyərliliyi, qiyməti, malın işlədilməsi və təhlükəsiz istifadə edilməsi qaydaları, malın hazırlanmasında istinad olunan normativ-texniki sənəd və sertifikatlaşdırma haqqında və s. məlumatları yerləşdirməlidir.
Qüsurlu olan mal satılarkən istehlakçının hüquqları. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə, satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:
-lazımi keyfiyyətli mala dəyişdirməyi,
-satış qiymətini uyğun məbləğdə azaltmağı,
-malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini,
-malın, həmin mala uyğun digər modelli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini,
-müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.
İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.
Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.
Müasir dövrümüzdə istehlakçıların tələbat məsələsini nəzərə alaraq, alış-veriş və onunla bağlı digər məsələlər böyük maraq kəsb edir. Hər bir istehlakçının lazımi keyfiyyətdə mal, iş və ya xidmət istehlak etmək hüququ vardır. Həmçinin istehlakçı lazımi keyfiyyəti olmayan, sağlamlığa zərər vuran malın, işin və ya xidmətin vurduğu zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İstehlakçı hüquqlarının pozulması hallarına görə təqsirli şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələbinə görə istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına, saxlama müddəti ötmüş məhsulların satılmasına standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
İstehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə iki yüz manat məbləğində cərimə edilir.
İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma isə cinayət məsuliyyətinə səbəb olur və bu halda üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
İradə Quliyeva
Ədliyyə Nazirliyinin əməkdaşı
"Nuhcixan.az" İnformasiya Agentliyində dərc edilmişdir