date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir. İyun ayının 22-də mərkəzin ekspertləri tərəfindən Naxçıvan Texniki Peşə və Sürücülük məktəbində “Nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirlərinin praktikası” mövzusunda seminar təşkil edilmişdir.

Seminarı giriş sözü ilə məktəbin direktoru Rəfael Abdullayev açaraq nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsinin əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Seminarda Mərkəzin ekspertləri Məhəmməd Həşimovun “Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri”, Fariz Səyyadovun “Sürücülük qorxusu və ya  Amaksofobiya (avtomobil sürmək üçün patoloji qorxu)” və Azər Abdullayevin “Nəqliyyat vasitələrinin istismar qaydaları” mövzsusunda çıxışları dinlənilib.

Çıxış edənlər qeyd ediblər ki, yol nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin avtomobili düzgün idarə etməməsi və yol hərəkəti qaydalarına əməl etməməsi nəticəsində baş verir. Buna görə də sürücülərin, eləcədə gələcəkdə sürücü olacaq şəxslərin yol hərəkət qaydaları ilə baglı bilikləri yenilənməli və təkmilləşdirilməlidir. Sürücülər adamların daşınması zamanı müəyyən olunmuş qaydalara əməl etməli və “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini əsas götürməlidirlər.

Seminarda sürücülük qorxusunun aradan qaldırılması ilə bağlı əsas məqamlara toxunularaq bildirilib ki, qorxunu aşmaq üçün avtomobilin xüsusiyyətləri barədə məlumatlı olmaq, emosiyaları idarə etmək və bu sahədə müəyyən müddət praktiki fəaliyyət göstərmək vacibdir.  Qeyd olunub ki, nəqliyyat vasitələrinin istismar qaydalarına əməl edilməsi sürücülərin və ətrafdakıların təhlükəsiziliyinin başlıca şərtlərindəndir. Yol hərəkəti qaydalarına riayət etməklə, sürücülər özlərini, nəqliyyat vasitəsində olan sərnişinləri, piyadaları və digər hərəkət iştrakçılarını, həmçinin nəqliyyat vasitəsini qorumağa və hərəkət təhlükəsizliyini təmin etməyə nail ola bilərlər.

Sonda mövzu ətrafında müzakirələr aparılmış və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti