date saat
Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə gənc dövlət qulluqçuları arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib. Oyunun keçirilməsində məqsəd gənc dövlət qulluqçularının dünyagörüşünün, zehni inkişafının, intellektual düşünmə qabiliyyətlərini stimullaşdırmaq, onların asudə vaxtının səmərəli təşkil etmək, həmçinin, intellektual oyunların kütləviliyini təmin etməkdən ibarətdir.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin baş mütəxəssisi Xanım İbrahimova və Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva muxtar respublikada gənclərə və gənclər təşkilatlarına göstərilən dəstək və dövlət qayğısından danışıb və oyunda yarışacaq komandaları təqdim edərək komandalara uğurlar arzulayıblar.
Oyunda muxtar respublikada fəaliyyət göstərən müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçularından ibarət 8 komanda çıxış edib. “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundundan ibarət olan oyunda ən çox xal toplayan Ədliyyə Nazirliyinin komandası I yerin sahibi olub. İqtisadiyyat Nazirliyinin komandası II yerə və Culfa rayon İcra Hakimiyyətinin komandası isə III yerə çıxıb.
Sonda qalib komandalara hədiyyələr təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti