date saat

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası istiqamətində işlər davam etdirilir. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə qiyabi təhsil alan tələbələri bir gün ərzində  Ədliyyə Nazirliyinin qeydiyyat, notariat və ekspertiza sahəsində gördüyü işlərlə və bu istiqamətdə  həyata keçirlən  metodlarla əyani tanış olmuşlar.

Əvvəlcə Naxçıvan Şəhər Nikah Evində olan tələbələrə qeydiyyat sahəsində görülən işlərlə əlaqədar ətraflı məlumat verilib. Onlar nikah əməliyyatlarının aparılması zamanı tələb olunan sənədlərlə və bu sahədə kargüzarlığın aparılması qaydaları ilə əyani şəkildə tanış olublar. Onlara vətəndaşların müraciətlərinə baxılmasına dair qanunvericiliyin tələbləri barədə məlumatlar verilmiş, eləcə də nikaha daxil olmaq üçün ərizə ilə müraciət edən şəxslərin nikah qeydiyyatı aparılması prosedurunda iştirak etmişlər.

Naxçıvan Şəhər 2 saylı Notariat Ofisində olan tələbələrə notariat hərəkətləri, notariat hərəkətləri aparılmasının əsas qaydaları, notariat hərəkətləri aparılan zaman dövlət rüsumunun ödənilməsi qaydaları və notariat hərəkətlərinə dair qanunvericiliyin əsas müddəaları haqqında məlumat verilmişdir. Ofisdə olan tələbələr iş prinsipi ilə praktiki olaraq tanış olmuş, onları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Məhkəmə Ekspertizası Mərkəzində qurumun fəaliyyət istiqaməti üzrə tələbələr praktiki olaraq mərkəzdə ballisitik, pul nişanları, fiziki-kimyəvi və daktiloskopiya sahəsində keçirilən ekspertizaları müşahidə etmiş, tədqiqatların aparılması üçün nəzərdə tutulan avadanlıqlarla tanış olmuşlar. Ekspertlər tərəfindən tələbələri maraqlandıran məqamlara aydınlıq gətirilmiş, verilən suallar cavablandırılmışdır.

Tələbələrin nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələri ilə də tanışlığı nəzərdə tululur. 

 

 

     Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti