date saat
İyunun 17-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə “Naxçıvan” Universitetinin birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq təşkil edilən “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində növbəti maarifləndirici konfrans keçirilmişdir. “Ailə üzvlərinin aliment öhdəlikləri” mövzusunda təşkil edilən tədbirdə universitetin müəllim və tələbə kollektivi iştirak etmişdir.
Konfransı giriş sözü ilə universitetin rektoru Nurlana Əliyeva açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Sonra nazirliyin əməkdaşları Reyhan Sadiqovanın “Valideynlərin, uşaqların, ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəlikləri”, Həbibə Əliyevanın “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri və alimentin ödənilməsi barədə saziş”, Rəşad Allahverdiyevin “Alimentin ödənilməsi və tutulması qaydası”, universitetin müəllimləri Emilya Süleymanovanın “Boşanmış ailələrdə uşaqların mənəvi ehtiyaclarının ödənilməsi və ünsiyyət mexanizmi” və Təranə Əliyevanın “Valideynlər arasındakı münasibətin uşaqlara psixoloji təsiri” mövzusunda çıxışları dinlənilib.
Konfransda alimentin uşaqların saxlanılmasında, onların gələcək fəaliyyətlərinə təsirindən bəhs edilmiş, aliment öhdəlikləri, ödənilməsi və tutulması qaydaları ilə bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılmışdır. Bildirilib ki, aliment tərəflərin razılığı ilə müqavilə əsasında və yaxud məhkəmə qərarının əsasında ödənilə bilər. Uşaqlar valideynlərinin boşanmasına görə hər hansı məhrumiyyətə düçar olmamalı, hər iki valideyn onların normal böyüməsi, yetişməsi üçün tam şərait yaratmağa çalışmalıdır. Valideynlər uşağın tərbiyəsində, eləcə də maddi ehtiyaclarının qarşılanmasında eyni dərəcədə məsuliyyət daşıyırlar.
Konfransda boşanmış ailələrdə böyüyən uşaqların maddi-mənəvi ehtiyaclarının ödənilməsi, həmin qrupdan olan uşaqların psixoloji durumunun yaxşılaşdırılmasına istiqamətlənən məsələlərə diqqət çəkilmiş, bu sahədə vacib nüanslara toxunulmuşdur.
Sonda mövzu ətrafında diskusiyalar aparılmış və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti