date saat

Ədliyyə Nazirliyi tərəfindən icradan qəsdən yayınan borclular barədə qanunvericiliyin tələblərinə uyğun olaraq profilaktik tədbirlərin görülməsi, onların hüquqlarının və məsuliyyətlərinin izah edilməsi məqsədilə təşkil edilən profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə növbəti görüş Şahbuz rayonunda təşkil edilmişdir. Şahbuz Rayon İcra və Probasiya Bölməsinin icraatında olan borclu vətəndaşlar qəbulda iştirak etmiş, aliment və pul tələbi ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmışdır.

Borclulara məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburiliyi izah olunmuşdur. Qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Nazirliyin əməkdaşları icra tədbirləri ilə bağlı geniş məlumat verərək vurğulayıblar ki, borclular icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə də  məsuliyyət daşıyırlar.

 

     Naxçıvan Muxtar Respublikası

 Ədliyyə Nazirliyinin mətbuat xidməti