date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda növbəti tədbir Ordubad rayonunda təşkil edilmişdir.

Bələdiyyə sədrləri və bələdiyyə qulluqçularının iştirakı ilə keçirilən seminarı Ordubad Rayon İcra hakimiyyəti aparatının inzibati ərazi idarəetmə və yerli idarəetmə şöbəsinin müdiri Elçin Hüseynov açaraq bələdiyyələrin idarəetmə sistemindəki əhəmiyyəti barədə məlumat verib.

Nazirliyin əməkdaşları Xəyal Eyvazov “Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin vəzifələri”, Ayaz Məhərrəmov “Yerli özünüidarənin maliyyə əsaslarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr” və Dövlət Vergi Xidmətinin əməkdaşı Elçin Babayev “Bələdiyyələrə ödənilən  vergi və ödənişlərin ödənilməsi qaydaları və məsuliyyət” mövzularında çıxış ediblər.

Seminarda bələdiyyələrin maliyələşməsinin formalaşması və istifadəsinin prinsipləri, yerli büdcə prosesinin əsasları və bu sahədə bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri haqqında qanunvericiliyin tələblərini diqqətə çatdırılıb. Bildirilib ki, ötən dövr ərzində ölkəmizdə yerli vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı məsələlərin tənzimlənməsi sahəsində zəruri hüquqi baza yaradılmış, bu sahədə islahatlar aparılmışdır.

Qeyd olunub ki, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət tədbirləri qanunvericiliklə tənzimlənir. Yerli vergi və ödənişlərin ödəyiciləri vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyırlar.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmiş və onlara Ədliyyə Nazirliyi tərəfindən hazırlanan “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” metodiki vəsait təqdim edilmişdir.

 

         Naxçıvan Muxtar Respublikası

    Ədliyyə Nazirliyinin mətbuat xidməti