date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər davam etdirilir. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti seminar Şərur və Sədərək rayon inzibati ərazi dairələri üzrə nümayəndələri üçün təşkil edilmişdir. Seminarı Şərur Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Nuran Əzizov açaraq keçirlən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışmış,  icra nümayəndələri üçün yaradılmış iş şəraiti barədə məlumat vermişdir.

Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Reyhan Sadiqovanın “Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri” və Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” mövzusunda çıxışları dinlənilmişdir. 

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi qeydiyyat şöbələri ilə yanaşı inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən də həyata keçirilir. Onlar doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını aparır, doğum, nikah və ölüm haqqında  şəhadətnamə verirlər. Nümayəndəliklər bu səlahiyyətləri həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş təlimata əsaslanmalıdırlar. Seminarda həmçinin uşaqlara ad verilməsi məsələsinə toxunularaq vurğulanıb ki, uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsi yolverilməzdir. Ad qoyarkən milli adlara üstünlük verilməli, uşağın gələcəkdə  cəmiyyətdə formalaşmasına mane olmayacaq adlar seçilməli, ehtiyac olduğu təqdirdə valideynlərə bu istiqamətdə köməklik edilməlidir.

Nazirlik tərəfindən aparılan yoxlama və təhlilərin nəticəsində icra nümayəndəliklərində bu istiqamətdə görülən işlər zamanı yol verilən nöqsanlar diqqətə çatdırılmış, onların aradan qaldırılması istiqamətində müvafiq tövsiyələr verilmişdir.

Sonda mövzu ətrafında müzakirələr aparılmış və  verilən suallara aydınlıq gətirilmişdir.  

 

         Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti