date saat
Naxçıvan Dövlət Universitetində “Hüquq həftəsi” layihəsi çərçivəsində Beynəlxalq münasibətlər və hüquq fakültəsinin tələbələrinin iştirakı ilə seminar keçirilib. Seminarda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin böyük eksperti, Naxçıvan Dövlət Universitetinin hüquq fənləri kafedrasının müəllimi Emin Əliyev “Cinayətə səbəb olan xarakter və xüsusiyyətlərin qarşısının alınmasında xətşünaslığın rolu” mövzusunda çıxış edib.
Tələbələrə aqressiv davranışın təcəssümü, zorakılığın təzahürü, cinayətə meyilliyin tibbi aspektləri, hüquq psixologiyasında aqressivlik və qəddarlıq, məhkəmə-xətşünaslıq ekspertizasının əhəmiyyəti və digər bir çox mövzular haqqında məlumat verilib. Bildirilib ki, xətt yazı üçün vərdiş edilmiş fərdi hərəkətlər sistemidir ki, bunun da kriminalistikada əhəmiyyəti danılmazdır. Fərdilik hesabına da kriminalistik xətşünaslıqda və məhkəmə-xətşünaslıq ekspertizasında bu metoddan istifadə edilərək ekspert tədqiqatı aparılır.
Qeyd edək ki, mövzular slayd vasitəsilə izahlı təqdimatla nümayiş edilib. Sonda mövzu ətrafında müzakirələr aparılmış və tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə nazirliyinin mətbuat xidməti