date saat
Mayın 22-də Ədliyyə Nazirliyinin 2021-ci ilə dair iş planının icrası ilə əlaqədar olaraq Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və digər əməkdaşlarının iştirakı ilə kargüzarlıq və peşə biliklərinin artırılması, etik davranış qaydalarına əməl olunması istiqamətində tədris saatı təşkil edilmişdir.
Nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar Zamanov bildirib ki, nazirliyin iş planının müvafiq bəndinin icrası ilə əlaqədar olaraq yaradılmış komissiya üzvləri ay ərzində Məhkəmə Ekspertiza Mərkəzində kargüzarlıq işlərinin qanunvericiliyə uyğun aparılmasını, ekspertlərin verdikləri rəylərin və arayışların prosessual tələblərə əməl olunmasını, eləcə də arxiv işinin təşkilini yoxlamış, yol verilən nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmiş və nəticələri müzakirə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq hər bir ekspert və əməkdaş üzərinə düşən vəzifəni vaxtında yerinə yetirməli, öz səy və bacarıqlarından maksimum səviyyədə istifadə etməlidir. Rəylərin və arayışların prosessual tələblərə uyğunluğuna diqqət artırılmalı, etik davranış qaydalarına və əmək intizamına ciddi riayət edilməlidir.
Tədris saatında Kadrlar bölməsinin baş məsləhətçisi ikinci dərəcəli ədliyyə qulluqçusu Asət Mirzəyev və Katibliyin baş məsləhətçisi ikinci dərəcəli ədliyyə qulluqçusu Təbriz Eyvazlı çıxış etmişlər. Onlar “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatların və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası qanununun tələblərini iştirakçıların diqqətinə çatdırıblar. Qeyd olunub ki, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və arxivdən istifadə qaydaları, habelə dövlət arxivinə təhvil verilərkən sənədlərə dair tələblərə əməl olunmalıdır. İştirakçılara sənədlərin dövriyyəsinin təşkili və karğuzarlıq xidmətinin əsas vəzifələri barədə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilmişdir.
Tədris saatında xidməti vəzifələrin icrası ilə əlaqədar müzakirələr və təhlillər aparılmış, verilən suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti