date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə “Ailə cəmiyyətin özəyidir” layihəsi çərçivəsində növbəti seminar keçirilmişdir.

“Ailədə valideynlərin və uşaqların hüquq və vəzifələri” mövzusunda keçirilən seminarı giriş sözü ilə universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev açaraq təşkil edilən tədbirin gənclərin təlim-tərbiyəsi və gələcək ailə həyatında oynayacağı müsbət roldan danışıb. Vurğulanıb ki, gənclərimizin valideyn və uşaq hüquq və vəzifələrini dərindən mənimsəmələri onların  dövlətimiz və cəmiyyətimiz üçün hərtərəfli şəxsiyyət və layiqli vətəndaş yetişdirmələrinə öz töhfəsini verəcəkdir.

“Hüquq fənləri” kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov valideynlərin hüquq və vəzifələri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Nazirliyin əməkdaşları Ələkbər Hüseynov “Uşağın əmlak və müdafiə hüququ”, Reyhan Sadiqova “Uşağın ad, soyad, ata adı daşımaq və adının, soyadının dəyişdirilməsi hüququ” və Rəşad Allahverdiyev “Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ” mövzularında çıxış ediblər.

Qeyd olunub ki, ölkəmizdə uşaq hüquqları sahəsində uğurlu dövlət siyasəti həyata keçirilir. Aparılan siyasətin ardıcıl davamı olaraq muxtar respublikamızda da hər bir uşağın zəruri maddi məişət şəraitində böyüyüb tərbiyə olunmasına, mütərəqqi tələblər əsasında təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə şərait yaradılmışdır. Vurğulanıb ki, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrıseçkiliyə məruz qala bilməzlər. Seminarda uşaqların ad və soyad hüququ, öz valideyni və digər yaxın qohumları ilə ünsiyyətdə olmaq hüququ barədə qanunvericiliklə müəyyən edilmiş tələblər barədə məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılmış və tələbələri maraqlandıran suallara aydınlıq gətirilmişdir.   

   

         Naxçıvan Muxtar Respublikası

    Ədliyyə Nazirliyinin mətbuat xidməti