date saat
Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Dövlət və bələdiyyə idarəetməsi ixtisası” üzrə təhsil alan tələbələr üçün seminar təşkil edilmişdir.
Seminarı universitetin “Bələdiyyə və turzim” kafedrasının müdiri Flora Kərimova açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının əhəmiyyətini qeyd etmiş, gələcəyin peşəkar və yüksək bacarıqlı kadrlarının hazırlanması istiqamətində görülən işlərdən bəhs etmişdir. Vurğulanıb ki, tədris ili ərzində nazirliklə universitet arasında təsdiq edilmiş tədbirlər planı üzrə hamiliyə verilən tələbələrlə çoxsaylı tədbirlərin keçirilməsi startap layihələrinin hazırlanması və təhsil aldıqları istiqamət üzrə bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriyinin əməkdaşı, İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimi Səttar Zamanov “Dövlət və bələdiyyə idarəçiliyi-oxşar və fərqli cəhətləri” mövzusunda çıxış etmişdir. Qeyd etmişdir ki, müasir idarəetmə sistemində müxtəlif idarəetmə formaları mövcud olsada ilk növbədə insan və cəmiyyətin idarəçilik mexanizmi dedikdə birmənalı olaraq mərkəzi dövlət hakimiyyətini təmsil edən dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanı olan bələdiyyə idarəçiliyi başa düşülür. Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanları quruluş və mahiyyətinə görə müxtəlif xarakterli sistemlər olsalar da məqsədləri və fəaliyyətləri baxımından oxşar təşkilatlar kimi qəbul edilirlər. Çünki istər dövlət aparatı, istərsədə bələdiyyə sisteminin əsas məqsədi insanların sosial rifahı və rahat həyat sürməsini təmin edilməsinə xidmət edir. Səttar Zamanov tələbələrə ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə fəaliyyəti bağlı görülən işlər barədə ətraflı məlumat vermiş, bələdiyyələrin fəaliyyətinə inzibatin nəzarətin təşkili istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
Həmin fakültənin müəllimi Asif Abdullayev slayd vasitəsilə tələbələrə “Elektron bələdiyyə” informasiya texnologiyası barədə məlumat vermişdir. Bildirib ki, müasir dövrdə ictimai həyatın ayrılmaz hissəsinə çevrilən informasiya texnologiyaları cəmiyyətin inkişafına ciddi təsir göstərən əsas amillərdən biridir. Gələcəkdə ölkənin bələdiyyə orqanlarında informasiya texnologiyalarından geniş istifadə olunması dövlətin və bələdiyyələrin özlərinin etibarlı informasiyaya, bu informasiyanın işlənməsi və təhlilinə olan tələbatının ödənilməsinə imkan verəcək, eyni zamanda “ Elektron bələdiyyə” ideyasının həyata keçirilməsinə geniş imkanlar yaratmış olacaq.
Seminarın gedişində mövzu ətrafında maraqlı müzakirələr aparılmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyınin mətbuat xidməti