date saat

Fiziki şəxslər anlayışına qanunvericilikdə geniş yer verilib. Məlum olduğu kimi, insanlar bütün həyatı boyu müxtəlif ictimai əlaqələrə daxil olurlar ki, bunların da əksər hissəsini hüquq normaları ilə tənzim edilən hüquq münasibətləri təşkil edir. Ümumi davranış qaydalarından ibarət olan ictimai münasibətlərin hüquq normaları vasitəsilə həyata keçməsi, reallaşması nəticəsində hüquq münasibətləri əmələ gəlir.  Qeyd edək ki, fiziki şəxslər hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.

Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Qanunda nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. Ad insanı cəmiyyətdə, o cümlədən mülki hüquq münasibətlərində fərdiləşdirilən bir vasitədir. Tarixən insanlara anadan olduqları vaxtdan müəyyən ad verilir və həmin şəxs bu ad altında yaşayıb fəaliyyət göstərir. Adsız fəaliyyət göstərən şəxs olur, lakin adsız insan olmur. Belə ki, müəllif öz əsərini adsız (anonim) yaya bilər, lakin bu o demək deyildir ki, onun müəyyən adı yoxdur.

Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Mülki qanunvericiliyə görə  ad məfhumu şəxsin adı ilə yanaşı onun soyadını və atasının adını əhatə edir.  Şəxsin adı bu üç göstərici ilə ifadə olunur. Fiziki şəxs bütün hüquq və vəzifələri, o cümlədən mülki hüquq və vəzifələri  öz adı ilə əldə edir və həyata keçirir. Hər hansı bir mülki hüquq münasibətlərinə girmək üçün  fiziki şəxs öz adından müəyyən müqavilə bağlayır.

Mülki hüquq münasibətlərində iştirak etməsində fiziki şəxsin yaşayış yeri böyük əhəmiyyətə malikdir. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradır.

Qeyd edək ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

Fiziki şəxs mülki hüquq qabiliyyətinə malikdir. Bu şəxsin mülki hüquqlara malik olmaq və hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Qeyd edək ki, fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, şəxsin hüquq qabiliyyəti ömürlük xarakter daşıyır və insanın şəxsiyyətindən ayrılmazdır. Beləliklə, şəxsin mülki hüquq qabiliyyəti onun şəxsiyyəti ilə sıx bağlıdır və özgəninkiləşdirilə bilməz.

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər.

Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yanlız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.

Qeyd edək ki, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna bilər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.

 

        İradə Quliyeva

     Ədliyyə Nazirliyinin əməkdaşı

  "Nuhcixan.az" saytında dərc olunmuşdur