date saat

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən Culfa rayonunun Camaldın Kənd Mərkəzində Culfa rayonu üzrə inzibati ərazi dairələri nümayəndələri üçün“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda seminar təşkil edilmişdir.

Seminarı giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Elmir Həsənov açaraq seminarın əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb. Nazirliyin əməkdaşları Zülfü İsmayılov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Reyhan Sadiqova “Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri” və Həbibə Əliyeva “Doğumun ölümün qeydə alınması zamanı yol verilən nöqsanlar” mövzularında çıxış ediblər.

Bildirilib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində rayon icra nümayəndəliklərində aparılan əməliyyatlar zamanı qanunvericiliyə riayət edilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməsi nazirlik tərəfindən qarşıya qoyulan əsas vəzifələrdəndir.

Yeni doğulan uşaqlara ad verilməsi zamanı uşağın gələcək həyatındakı əhəmiyyətinin nəzərə alınmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, uşaqlara ad qoyarkən onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsi yolverilməzdir. Ad qoyarkən milli adlara üstünlük verilməli, uşağın cəmiyyətdə formalaşmasına mane olmayacaq adlar seçilməlidir. Ad seçimində çətinlik çəkən valideynlər “ Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” və “Antroponimlər” lüğətindən istifadə edə bilərlər.

Seminarda vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi qaydaları ətraflı izah edilmiş, mövzu ətrafında müzakirələr aparılmış və suallar cavablandırılmışdır.  İştirakçılara “İcra hakimiyyəti nümayəndəliklərinin apardığı qeydiyyat əməliyyatlarının əsas məqamları barədə”  məlumat bukleti paylanılmışdır.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti