date saat
Mayın 7-də Ədliyyə Nazirliyi tərəfindən icradan qəsdən yayınan borclularla növbəti profilaktik görüş Şərur rayonunda təşkil edilmişdir.
Nazirliyin əməkdaşları görüşdə iştirak edən borclulara “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini izah etmiş və onlarla yaranmış problemlərin həlli istiqamətində məsələlər müzakirə edilmişdir. Bildirilib ki, icra qanunvericiliyinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələbləri Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qeyd olunub ki, icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilirlər.
Sonra aliment və pul tələbi üzrə ödənişləri gecikdirən borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və onları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti