date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün 13 fevral 2021-ci il tarixdə elan edilmiş vakansiyaya sənəd qəbulu 13 may 2021-ci ildə başa çatacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqədə ali hüquq təhsilli, 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquqmühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər işə qəbul edilmirlər.
Sənəd qəbuluna dair əlavə məlumat əldə etmək istəyən şəxslər Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti