date saat

Ədliyyə Nazirliyinin 2021-ci ilə dair iş planının icrası istiqamətində mayın 1-də nazirliyin yerli  icra və probasiya şöbə və bölmələrində fəaliyyət göstərən icra məmurlarının və kargüzarların peşə biliklərinin artırılması, eləcə də  etik davranış qaydalarına əməl olunması və icra və əmək intizamına riayət edilməsi ilə bağlı tədris saatı təşkil edilmişdir.

Qeyd edilmişdir ki, nazirliyin iş planının müvafiq bəndinin icrası ilə əlaqədar olaraq yaradılmış komissiya üzvləri tərəfindən cari ilin birinci rübündə yerli icra və probasiya qurumlarının fəaliyyəti yoxlanılmış, icra vəziyyəti araşdırılmış, yol verilən nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmiş və nəticələri müzakirə edilmişdir. Şöbə və bölmələrin kargüzarlıq sənədlərinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, “İcra haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunlarının, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın və  “Məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi haqqında” Təlimatın tələbləri nəzərə alınmamışdır. Qeyd edilənləri nəzərə alıb bütün əməkdaşlar xidməti vəzifələrini dərindən öyrənməli, qanunvericiliyin  müddəalarını mükəmməl öyrənməlidirlər. İcraatda olan hər bir işin icrasına, vətəndaşların və hüquqi şəxslərin müraciətlərinə məsuliyyətli və həssaslıqla yanaşılmalı,  kargüzarlıq qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır.

Kargüzarlıq işinin aparılması sahəsində qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, qanun və təlimatlar dövlət orqanlarında kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu arxivə verilməsini və müraciətlərin baxılması prosedurunu tənzimləyir.

Vurğulanıb ki, hər bir icra məmuru ədliyyə işçisi kimi etik davranış qaydalarına ciddi əməl etməli, çalışdığı orqanda qulluğun nüfuzunu möhkəmləndirməyə, ədliyyə işçisi adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Ədliyyə işçisi öz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, ixtisasını artırmalı, şöbə və bölmə rəisləri qulluq vəzifələrini yerinə yetirərək işçilərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidirlər.

Tədris saatı qarşılıqlı müzakirələr əsasında keçirilmiş, xidməti vəzifələrin icrası ilə əlaqədar müzakirə və təhlillər aparılmış, verilən suallar cavablandırılmışdır.  

 

 

      Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti