date saat
Hazırda Azərbaycanın cəmiyyətinin qlobal problemlərdən biri də boşanmalardır. Ötən ilin (2020-ci il) yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 46898 nikah və 12713 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Qeyd etmək olar ki, 2020-ci ilin birinci rübündə Azərbaycanda 3823 boşanma rəsmiləşib. Dövlət Statistika Komitəsinin saytında bölgələr üzrə rəsmi göstəricilərə nəzər salaq. Bakıda 1145, Sumqayıtda 165, Gəncədə 150, Naxçıvan Muxtar Respublikasında 130 boşanma qeydə alınıb. Boşanmaların çox olduğu qalan bölgələr isə belə sıralanır: Ağdam 118, Masallı 98, Yevlax 90, Abşeron 81, Fizuli 73, Lənkəran 73, Xaçmaz 68, Tovuz 66, Mingəçevir 65, Şəki 58, Şəmkir 56, Bərdə 55, Cəlilabad 52, Quba 52 və Sabirabad 50 və sair boşanma qeydə alınıb. Müxtəlif səbəblərdən Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırılan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak (daşınar və daşınmaz) mübahisələri meydana çıxır. Bu mövzu ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrində aparılan müzakirələrdə boşanmadan sonra daha çox qadınların mülkiyyət hüquqlarının pozulduğu iddia olunur.
Bəs qanunvericilik boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisələrinin həllini necə tənzimləyir? məhkəmə təcrübəsində tərəflər arasında boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun olaraq öz həllini tapır. Hər iki Məcəllədə qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Burada istisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsində və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın, nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir. Məsələn, ərə babasından vərəsəlik qaydasında verilmiş mənzil və ya arvada toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir və birgə mülkiyyət sayıla bilməz. Həmçinin fərdi istifadə olunan əşyalar – geyim, ayaqqabı və sair əşyalar ümumi vəsait hesabına əldə edilsə də belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir. Bəzi hallarda ailədə arvadın müstəqil qazancının olmaması, bütün əmlakların ər tərəfindən alınması səbəbindən onların birgə mülkiyyəti hesab edilə bilməməsi barədə cəmiyyətimizdə yalnış mövqe mövcuddur. Lakin qeyd edilməlidir ki, nikah dövründə ev təsərüffatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan arvad da belə ümumi əmlak üzərində eyni hüquqa malikdir. Ailə Məcəlləsində boşanma zamanı ərlə arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi məhkəmə tərəfindən həll edilməli olan məsələ kimi nəzərdə tutulmuşdur. Ər-arvad birgə nigah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər. Tərəflər arasındakı nikah münasibətlərinə xitam verildikdən sonra arvadın (ərin) birgə yaşadığı mənzildə yaşayış hüququnun mövcud olub-olmaması aktual problemlərdəndir. Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, arvadın ərlə birlikdə nikah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qiymətləndirilməlidir. Mülki Məcəllənin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilmişdir. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn mülkiyyətçi ər olarsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir. Yaşayış sahəsindən istifadə hüququna gəlincə isə, qeyd etmək isdəyirəm ki, yaşayış sahəsindən istifadə hüququ olan mənzil mülkiyyətçisinin hər bir ailə üzvü, hətta boşanmadan sonra mənzildən sərbəst surətdə istifadə edə bilər. Ailə üzvünün mənzildən istifadə hüququna xitam vermək üçün Mülki Məcəllədə kompensasiya institutu nəzərdə tutulmuşdur. Kompensasiya institutu dedikdə cəmiyyətimizdə mənzildən istifadə hüququ olan şəxsə mənzilin bölünməsini və dəyərindən ona pay ödənilməsini tələb etmək hüququ kimi anlaşılır. Bunun yanlış mövqe olduğu diqqətinizə çatdırmaqla qeyd etməliyəm ki, kompensasiya – istifadəçiyə mülkiyyətçinin hesabına müəyyən müddət daxilində əvvəlki mənzildə olan şəraitlə müqayisədə başqa yaşayış yerində oxşar yaşamaq imkanını verən bir institutdur. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsində nəzərdə tutulub ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bu müddəa ilə Mülki Məcəllənin şərh olunan müddəası arasında ziddiyət vardır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun göstərişini rəhbər tutaraq qeyd edilməlidir ki, Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə, Mülki Məcəllə tətbiq edilir.
Qeyd edim ki, yuxarıda şərh edilən məsəslələrdə əsasən məhkəmələr daşınmaz əmlakın bölgüsünün əsaslığını ekspertizatəyin etməklə həll edir və qiymətləndirir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırda isə məhkəmələr daşınmaz əmlakın bölgüsünün əsaslığını tikinti-texniki ekspertiza təyin etməklə əldə olunan rəylə həll edir. Tikinti-texniki ekspertizası nədir? Bu ekspertiza növü Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturu olan Məhkəmə Ekspertizası Mərkəzinin tərkibində fəailiyyət göstərən ekspertiza növlərindən biridir. Bu ekspertiza növünün əsas fəailiyyəti məhkəmə mühəndis-texniki ekspertizası ixtisaslarından biri olmaqla, müxtəlif tikililərin texniki tərəflərində ortaya çıxmış mübahisələri və sair işlər üzrə rəy verilməsi üçün aparılır. Bu halda hazırda məhkəmə orqanları bu növ mülki (arbitaj) və digər işlərdə məhkəmə tərəfindən verilən şərtlər daxilində mübahisəli evin tərəflər arasında bölünməsinin mümkünlüyü, eləcədə fərdi yaşayış evinin və mənzilin real bölgü variantlarının işlənib hazırlanması və sair işlərin iş üzrə tərəflərin müəyyən razılaşmaları əsasında tikinti-texniki ekspertizası təyin olunmaqla verilən rəyə əsaslanır. Qeyd edim ki, nikahın pozulması zamanı tərəflər mənzilin satılması barədə ümumi razılığa gələ bilər. Bu halda məhkəmənin qərarı (qərardadı) ilə müəyyən olunmuş pay onlar arasında bölünür. Tərəflərdən biri evin satılmasına razılıq vermirsə, bu halda ekspertiza təyin olunmaqla naturada bölgü aparılır. Yəni, boşanan tərəflərin eyni mənzildə qalması mümkün olmadığı təqdirdə mülkiyyətin naturada texniki cəhətdən bölgüsü aparılmalıdır. Bununla bağlı mümkün hallarda tikinti-texniki ekspertiza təyin edilir. Fərdi yaşayış evlərində naturada bölgü bir çox hallarda mümkün olur. Bina evlərində naturada bölgü bir az çətin olur. Yəni bölgü təcrid mənzillər şəklində öz həllin tapmalıdır. Hər bir istifadəçiyə ayrı-ayrılıqda yaşayış və yardımçı sahələr ayrılmalıdır. Məsələn, mənzilə bir giriş olarsa və ev 3 otaqdan ibarət olarsa, burada ekspertiza naturada bölgünün mümkün olmayacağı barədə rəy verəcək. Tərəflər arasında razılıq olarsa, mülkiyyət hərrac yolu ilə satılacaq və mənzilin dəyəri mübahisə edən tərəflər arasında bölünəcək. Tərəflər arasında rəsmi nikah olmadığı təqdirdə mülkiyyətin bölünməsi mümkün olmayacaq. Başqa sözlə, kəbinin olması mülkiyyətin bölünməsi üçün yetərli olmayacaq. Nikah pozulduqdan sonra 3 il müddətində ər və arvad əmlakın bölünməsi ilə bağlı iddia qaldıra bilərlər. Birgə nikah dövründə əldə edilən mülkiyyət dövlət qeydiyyatına alınmayıbsa, həmin əmlakın bölgüsündən söhbət gedə bilməz: Elə tikililər var ki, dövlət tərəfindən qeydə alınmayıb. Yəni, birgə nikah dövründə özbaşına tikilib. Dövlət qeydiyyatına alınmadığından bu mülkiyyətin bölgüsü aparılmır. Amma birgə nikah dövründə müəyyən vəsait hesabına ev tikilibsə, bir neçə il yaşayıblarsa, hər kəs bu vəsaitin yarısını qarşı tərəfdən tələb etmək hüququna malikdir. Bu halı sübut etmək üçün evin tikintisində iştirak edən fəhlə və ustalar məhkəməyə şahid qismində dəvət olunur və xərclənən vəsaitin məbləği müəyyən olunur. Bununla da bu vəsaitin yarısını almaq mümkün olur.
Bu məqalə Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına və məhkəmə orqanlarının bu növ mübahisələrin həll edilməsində meydana çıxan təcrübələrə əsaslanaraq hazırlanmışdır.
Həsən BABAYEV
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin əməkdaşı
31 mart 2021-ci il tarixdə "Şərqqapısı.az" saytında dərc edilmişdir