date saat

Martın 19-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İcra və probasiya şöbə və bölmələrinin əməkdaşlarının iştirakı ilə xidməti müşavirə keçirilmişdir. Müşavirədə nazirliyin iş planının müvafiq bəndinin icrası ilə əlaqədar olaraq yaradılmış komissiya üzvləri tərəfindən yerli icra və probasiya qurumlarında aparılmış yoxlamaların nəticələri və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Müşavirəni giriş sözü ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, məhkəmə və digər orqanların qərarlarının vaxtında icrası əsas vəzifələrimizdən biri olmaqla daim diqqət mərkəzində saxlanılır. Bu gün icraata daxil olan icra işlərinin icrasını təmin etmək üçün bütün imkanlardan istifadə edilir. Cari ilin əvvəlindən başlayaraq komissiya üzvləri tərəfindən yerli icra və probasiya qurumlarının fəaliyyəti yoxlanılmış, icra vəziyyəti araşdırılmış, yol verilən nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr verilmiş, icrası çətinlik törədən işlərin müzakirəsi aparılmışdır.

Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri Səttar Zamanov yoxlamaların nəticələri ilə bağlı arayışı iştirakçıların diqqətinə çatdırmış, aşkar olunmuş nöqsanlar barədə məlumat vermişdir. İcra və probasiya şöbəsinin rəisi baş ədliyyə müşaviri Emin Kazımov çıxışında ötən dövr ərzində yerli icra və probasiya qurumlarının fəaliyyəti haqqında məlumat vermiş, yol verilmiş nöqsanların qısa zamanda aradan qaldırılacağını qeyd etmişdir.  

Sonra müzakirə ətrafında təhlillər aparılmış, yerli icra və probasiya qurumlarının rəisləri icraatda olan işlərin icra vəziyyəti barədə məruzə etmişlər.

Nazir məhkəmə qərarlarının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi  tapşırıqları bir daha əməkdaşların diqqətinə çatdıraraq bildirib ki, yol verilən nöqsanlar qısa zamanda aradan qaldırılmalıdır. İcraatda olan hər bir işin icrasına, vətəndaşların və hüquqi şəxslərin müraciətlərinə məsuliyyətli və həssaslıqla yanaşılmalı, icra işlərinin vaxtında icrası təmin olunmalı, icradan yayınan borclular barəsində müvafiq tədbirlərin görülməsi işi sürətləndirilməlidir. İşlər aparılarkən profilaktika və maarifləndirmə ön planda olmalıdır. Nazirliyin əməkdaşlarından ibarət yaradılmış işçi qrupun üzvləri yerlərdə icra sənədlərinin icrasına köməklik göstərilməsi işini davam etdirməlidir.

Sonda nazir müşavirəyə yekun vuraraq bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin verdiyi tapşırıqların icrası bütün səy və bacarığımızla həyata keçiriləcək, məhkəmə və digər orqanların qərarlarının vaxtında icra olunması diqqətdə saxlanılacaqdır.

        

   Naxçıvan Muxtar Respublikası

  Ədliyyə Nazirliyinin mətbuat xidməti