date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən elan edilmiş yerli icra və probasiya qurumlarında vakant icra məmuru vəzifələrinin tutulması üçün sənəd qəbulu davam edir. Müsabiqədə ali hüquq təhsilli, 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Bir daha qeyd edirik ki, müsabiqədə iştirak etmək istəyən şəxslər 13 aprel 2021-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və aşağıdakı sənədlərin skan olunmuş surətlərini “şəxsi kabinet”ə yükləməlidirlər:

1. Şəxsiyyət vəsiqəsi;

2. Ali təhsil haqqında sənədlər;

3. Əmək kitabçası (olduğu təqdirdə);

4. Hərbi bilet;

5. 3x4 santimetr ölçüdə fotoşəkil (ağ fonda)

Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər işə qəbul edilmirlər.

Sənəd qəbuluna dair əlavə məlumat əldə etmək istəyən namizədlər Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər.

 

        Naxçıvan Muxtar Respublikası

    Ədliyyə Nazirliyinin mətbuat xidməti