date saat
Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Akt zalında keçirilən tədbiri giriş sözüylə açan ali təhsil ocağının rektoru Elbrus İsayev bu cür tədbirlərin gənclərin tərbiyəsi və gələcək ailə həyatında oynayacağı roldan danışıb. Qeyd olunub ki, ailə kiçik dövlətdir, yəni cəmiyyətin əsas özəyi kimi möhkəm təməl üzərində qurulmalıdır. Sağlam ailə isə sağlam cəmiyyət deməkdir. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Vurğulanıb ki, qarşılıqlı hörmət və güzəşt sağlam və uzunömürlü ailənin ən başlıca şərtlərindəndir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilati-nəzarət şöbəsinin rəisi, “Bələdiyyə və turizm” kafedrasının müəllimi Səttar Zamanov qeyd edib ki, hər bir fərd ailədə formalaşır və uşaqların sağlam düşüncəli, valideynlərə, böyüklərə sevgi və ehtiram, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişməsində ailənin rolu çox böyükdür.
“Hüquq fənləri” kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov nikahın anlayışı, bağlanma qaydası və şərtləri haqda tədbir iştirakçılarını məlumatlandırıb. Vurğulanıb ki, ailəni möhkəmləndirən üç dəyər hüququ sistemin simvoludur: bu qanun, ədalət və hüquq dəyərləridir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilati-nəzarət şöbəsinin rəis müavini əvəzi, “Fəlsəfə və sosial iş” kafedrasının müəllimi Ələkbər Hüseynov nikah müqaviləsinin anlayışı və əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Həbibə Əliyeva “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi” adlı çıxışında qeyd edib ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
“Ailə dəyərlərinin formalaşmasında nikahın rolu” adlı çıxışında “Fəlsəfə və sosial iş” kafedrasının müəllimi Firuzə Quliyeva bildirib ki, Azərbaycanda ailə-nigah hüquqları ailə və nigah haqqında Məcəllədə öz əksini tapıb. Bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nigahı tənzimləyir.
“Erkən nikah problemi” haqda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Təşkilati-nəzarət şöbəsinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Nuranə Kərimova erkən nikahların baş verməsinin əsas səbəbləri və fəsadlarından danışıb. Erkən nikah problemini aradan qaldırmaq üçün görüləcək tədbirlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti