date saat
Martın 11-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda Kəngərli rayon Yurdçu kənd mərkəzində seminar keçirilmişdir.
Bələdiyyə sədrləri və qulluqçularının iştirakı ilə keçirilən seminarı Kəngərli Rayon İcra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli idarəetmə şöbəsinin müdiri Ağa Seyidov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin vəzifələri haqqında çıxış edərək bildirib ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyi onların maliyyə təminatı ilə bağlıdır. Bələdiyyə maliyyəsinin əsasını təşkil edən yerli büdcə əsasən yerli vergilər hesabına formalaşır. Qeyd olunub ki, bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməklə vergi qanunvericiliyi ilə müəyyən edilən vəzifələri də yerinə yetirməlidirlər. Yerli vergi və ödənişlərin ödəyiciləri vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyırlar.
Bələdiyyələrə ödənilən vergi və ödənişlərin ödənilməsi qaydaları və məsuliyyət haqqında Dövlət Vergi Xidmətinin baş dövlət vergi müfəttişi Fərid Əliyev məlumat verərək bildirmişdir ki, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət tədbirləri qanunvericiliklə tənzimlənir. Yerli vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr müəyyən olunmuş qaydada məhkəmələrə müraciət edə bilərlər.
Ədliyyə Naziliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov çıxışında yerli özünüidarənin maliyyə əsaslarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələri diqqətə çatdırıb. Vurğulanıb ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsinin prinsiplərini, yerli büdcə prosesinin əsaslarını və bu sahələrdə bələdiyyələrin səlahiyyətlərini və onların müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir. Yerli büdcənin başlıca məqsədi vergi və ödənişlər üzrə gəlirlərin cəlb edilməsi və büdcə vəsaitinin səmərəli istifadəsini təmin etməkdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, onlara Ədliyyə Nazirliyi tərəfindən hazırlanan “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” metodiki vəsait təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti