date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 2021-ci ilə dair iş planına uyğun olaraq aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın aparılması istiqamətində keçirilən tədbirlər davam etdirilir.
Bu məqsədlə martın 5-də Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları ilə görüş keçirilib. Görüş zamanı mərkəzin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov tərəfindən kursantlara ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən olan məhkəmə eskpertizası fəaliyyətinin tarixi inkişaf yolundan bəhs edilmiş, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində ekspertizaların mühüm rolundan danışılmışdır. Bildirilib ki, muxtar respublika rəhbərliyinin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ötən ildə mərkəzə müasir texniki avadanlıqlar alınmış, müasir texnologiyaların və elmi-texniki tərəqqinin açdığı imkanlardan yararlanaraq ekspertiza tədqiqatlarının tam, obyektiv və hərtərəfli aparılmasına, rəylərin mötəbərliyinin təmin olunmasına, yeni növ ekspertizaların keçirilməsinə nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi polis polkovniki Kamil Məmmədəliyev çıxış edərək bildirmişdir ki, polis kursantlarının Məhkəmə Ekspertiza Mərkəzində keçirilən ekspertizalarla əyani formada tanış olmaları onların biliklərinin artırılmasına və gələcək peşə fəaliyyətinə müsbət təsir edəcəkdir.
Sonra kursantlar mərkəzin fəaliyyət istiqamətləri ilə yaxından tanış olmuş, aparılan ekspertiza tədqiqatlarını müşahidə etmiş, mərkəzdə aparılan ekspertizalar barədə ətraflı məlumat əldə etmişlər. Onlar mərkəzin müxtəlif laboratoriyaları və orada olan avadanlıqlarla tanış olmuş, ekspertlər tərəfindən kursantları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti