date saat

Müasir texnologiyanın sürətli inkişafı dünyada bir çox reallıqları dəyişib və bu reallıqlar içərisində informasiya da xüsusi yer almaqdadır. Hazırda insanlar informasiyaya olan ehtiyaclarını KİV, sosial şəbəkə və s. vasitələr hesabına ödəyirlər. Dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də sosial şəbəkə istifadəçilərinin əhatə dairəsi digər informasiya vasitələrindən  dəfələrlə böyükdür. Təbii ki, bu istifadəçilər arasında uşaqların, yeniyetmələrin də sayı heç də az deyil.

Yaşadığımız  reallıqda  internetin  faydalı olduğunu  düşünməkdə  haqlıyıq. Lakin bu  heç də həmişə faydalı olmur, xüsusən  uşaqlar üçün nəzarətsiz və təhlükəli məkana çevrilə bilər. İnternetdə uşaqlar üçün kifayət qədər məlumatlar var, amma unutmamalıyıq ki, zərərli informasiyalar da mövcuddur. Uşaqları qorumaq, onları müdafiə etmək cəmiyyətin əsas vəzifələrindən biridir. Hər birimiz onları qorumalı, hüquqlarını müdafiə etməliyik. Qorumaq dedikdə isə təkcə, onların sağlamlığının, inkişafının qayğısına qalmaq, təhsillə təmin etmək deyil, eyni zamanda sosial şəbəkələrdə, KİV-də yayımlanan zərərli informasiyalardan da qorumaq lazımdır. Təbii ki, bu məsələnin həllinin kökündə maarifləndirmə dayanır.

İnternetə azad girişin olduğu bir zamanda, insanların böyük əksəriyyətinin internetdən geniş istifadə etdiyini, xüsusilə sosial şəbəkələrdən geniş istifadə etmək imkanlarını nəzərə alsaq, uşaqların zərərli informasiyadan qorunma imkanları da çətinləşir.

Ölkəmizdə uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq, uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən “Uşaqların zərərli informasiyadan qorunması haqqında”  Qanun 2020-ci ilin yanvarın 1-dən qüvvədədir.  Qeyd edək ki, sözügedən qanun 19 maddə və 5 fəsildən ibarətdir. Uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, onların həyat və sağlamlığı üçün təhlükəsiz olan, hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, eləcə də zorakılığın, qəddarlığın, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın və s. xarakterli informasiyanın təbliğinin yolverilməzliyi qanunun əsas prinsiplərindəndir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya gəldikdə bunlara zorakılığı və qəddarlığı təbliğ edən informasiya cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiyalar və s. aiddir. Bundan başqa qanunda müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyalar dəqiqliyi ilə göstərilib. Bunlara isə zorakılığı və qəddarlığı nümayiş edən informasiya, qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya, qorxu məzmunlu informasiya daxildir.

Qeyd edək ki, qanunda informasiya məhsullarının yaş təsnifatı da aparılır. Belə ki, informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq müəyyən edilir.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı qeyd olunan Qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur. Qanunların tələbləri pozulduqda isə cəzalar tətbiq olunur.

Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir. Əks halda inzibati məsuliyyət nəzərdə tutulur. Belə ki, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

        İradə Quliyeva

     Ədliyyə Nazirliyinin əməkdaşı

     27 fevral 2021-ci il tarixdə "nuhcixan.az" saytında dərc edilmişdir