date saat

Fevralın 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Babək rayon Şəkərabad kənd mərkəzində bələdiyyələr üçün seminar keçirilmişdir. “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda keçirilən seminarda bu sahə üzrə qanunvericiliyin tələbləri və bələdiyyələrin üzərinə düşən vəzifələr barədə iştirakçılara ətraflı məlumat verilib.

Seminarı giriş sözü ilə Babək Rayon İcra hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarətmə şöbəsinin müdiri Muşfiq Məmmədsoy açaraq tədbirin əhəmiyyəti barədə  məlumat verib.

Sonra Ədliyyə Nazirliyinin əməkdaşları Xəyal Eyvazov “Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bələdiyyələrin vəzifələri”, Ayaz Məhərrəmov “Yerli özünüidarənin maliyyə əsaslarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr” və Dövlət Vergi Xidmətinin əməkdaşı Fərid Əliyev “Bələdiyyələrə ödənilən  vergi və ödənişlərin ödənilməsi qaydaları və məsuliyyət” mövzularında çıxış etmişlər.

Qeyd olunub ki, yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir və bələdiyyə büdcələrinin formalaşmasının mühüm hissəsini təşkil edir. Yerli vergilər vergi qanunvericiliyi ilə müəyyən edilir və bələdiyyələrin qərarlarına əsasən tətbiq edilir. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı bələdiyyələrin qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələri vardır. Yerli vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, hesablanmış faizlərin məcburi qaydada alınması və maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr müəyyən olunmuş qaydada məhkəmələrə müraciət edə bilərlər.

Bildirilib ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsinin prinsiplərini, yerli büdcə prosesinin əsaslarını və bu sahələrdə bələdiyyələrin səlahiyyətlərini və onların müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir. Yerli büdcənin başlıca məqsədi vergi və ödənişlər üzrə gəlirlərin cəlb edilməsi və büdcə vəsaitinin səmərəli istifadəsini təmin etməkdir. Yerli büdcənin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Bələdiyyələr maliyyə əməliyyatları apararkən maliyyə qaydalarına riayət edilməsinə və maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasına görə məsuliyyət daşıyırlar.

Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmiş və onlara Ədliyyə Nazirliyi tərəfindən hazırlanan “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” metodiki vəsait təqdim edilmişdir.

 

        Naxçıvan Muxtar Respublikası

    Ədliyyə Nazirliyinin mətbuat xidməti