date saat
Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən muxtar respublikanın şəhər və rayonlarında ardıcıl olaraq icradan yayınan borclularla görüşlər təşkil edilir.
Fevralın 23-də nazirliyin aidiyyəti şöbə və bölmələrinin əməkdaşları Naxçıvan şəhər icra və probasiya bölməsinin icraatında olan aliment və pul tələbinə dair icra sənədləri üzrə icradan yayınan borclularla görüşmüş, onlarla profilaktiki söhbətlər aparmışdır. Söhbət zamanı qeyd olunub ki, icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmə inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Borcluların diqqətinə çatdırılıb ki, icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb edildikdən sonra qanunsuz hərəkətlərini davam etdirdikləri təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb edilirlər.
Sonra aliment və pul tələbi ilə bağlı ödənişləri gecikdirən borclular dinlənilmiş, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələr aparılmış və onları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti