date saat

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi aidiyyəti orqanlarla əməkdaşlıq fəaliyyətini davam etdirir. Bu məqsədlə mərkəzin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları üçün “İnsan izlərinin tədqiqi” mövzusunda mühazirə təşkil edilmişdir.

Mühazirədə kursantlara Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizalar, onların növləri haqqında, hadisə yerinin mühafizəsi, hadisə yerində maddi sübutların tamlığının pozulmaması, onların aşkarlanaraq götürülməsi və düzgün qablaşdırılması, mərkəzdə keçirilən insan izlərinin tədqiqi ekspertizası və daktiloskopik ekspertizalar barədə məlumat verilmişdir.

Mərkəzin Ballistik və trasoloji ekspertizalar bölməsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Səməd Şahtaxtinski mərkəzin yaranma tarixi və zərurəti, hadisə yerinin mühafizəsi haqqında məlumat vermişdir. Qeyd olunub ki, polis əməkdaşının vəzifələrindən biri də hadisə yerinin mühafizəsidir. Hadisə baş verdikdən sonra hadisə iştirakçılarının yaxınları ehtiyatsızlıqdan və bəzən də qəsdən hadisə yerindəki mövcud maddi sübut və dəlil hesab olunacaq alət, vasitə və izləri məhv edirlər və ya təhrif edirlər, bu da öz növbəsində gələcəkdə ekspertə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsində çətinliklər yaradır. Polis əməkdaşı hadisə yerində diqqətli olmalı, kənar müdaxiləyə yol verməməli, səlahiyyəti xaricində mövcud predmetlərə müdaxilə etməməlidir.

Ballistik və trasoloji ekspertizalar bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyev kursantlara “İnsan izlərinin tədqiqi ekspert ixtisası üzrə” mühazirəsində insan izlərinin aşkar olunması, götürülməsi, qeydə alınması, qablaşdırılması və ekspertiza tədiqatına göndərilməsi ilə bağlı məlumat verib. Qeyd edib ki, trasolji ekspertizanın bir sahəsi olan daktiloskopik ekspertizada, ekspert təqdim edilən maddi sübut əsasında ona verilən sualları cavablandırır. Əgər təqdim olunan maddi sübut düzgün götürülməzsə, düzgün qablaşdırılmazsa və vaxtında ekspertiza tədqiqatına təqdim edilməzsə ekspert ona verilən sualları ya ümumiyyətlə cavablandıra bilmir, ya da tam cavablandıra bilmir.

Mühazirədə ekspertlərin təqdimatında hadisə yerində və laboratoriya şəraitində müxtəlif obyektlər üzərində kimyəvi tozlar vasitəsi ilə əl-barmaq izlərinin aşkar edilməsi və götürülməsi ilə bağlı videoçarx nümayiş etdirilmiş, hadisə yerinin müayinəsi çantasının mahiyyəti və istifadə qaydaları izah olunmuş, kursantları maraqlandıran suallara aydınlıq gətirilmişdir.  

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti