date saat

Şəxsin psixofizioloji keyfiyyətlərinin əlyazma mətninə görə müəyyən edilməsi qrafologiya adlanır. Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri və xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik tədqiqat sahəsidir. Qrafologiya dəqiq elm deyil, empirik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənirəm sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qrafologiya sözünə ΧΙΧ əsrdə yaşamış fransız Jan-İppolit Mişonun əsərlərində rast gəlinsə də tarixə məlum olan xəttin tədqiqatı üzrə ilk “Trattato come da una lettera missiva si conoscano la natura e gualita dello scrittore” (“Yazanın xasiyyət və xüsusiyyətlərini yazısı üzrə necə öyrənmək haqqında”) adlı elmi əsərin müəllifi 1622-ci ildə Boloniyada yaşayan italiyalı Kamillo Baldoya məxsusdur.

Şəxsin şəxsi-fərdi xüsusiyyətlərinin xəttinə görə müəyyən olunmasına hələ yazının yaranması dövründən cəhd göstərilmişdir: Qrafologiyanın mənbəyinə cənubi Hindistanda və Çində rast gəlmək olar. Belə ki, məşhur çinli filosof Konfusiy qeyd edirdi ki, xətt dəqiq göstərə bilər ki, yazının sahibi alicənabdır və ya bayağı, vulqar insandır. Hətta bu ibarənin də ona məxsus olduğunu qeyd edirlər: “Xətti külək əsdirən qamışın hərəkətini xatırladan insandan qorxun”. Digər bir çinli filosof Co Xo da təsdiq edirdi ki, xəttin vasitəsilə onu icra edənin alicənab və ya aşağı təbəqə əslindən olmasını təyin etmək olar.

Qrafologiyanın Avropa tarixi antik vaxtlara aid edilir; xətt ilə şəxsiyyətin xüsusiyyətləri arasındakı əlaqələr haqqında ilk fikirləri Aristotelin, Dionisiy Qalikarnasskinin, Teofrastın əsərlərində tapmaq olar. Aristotel yazırdı: “Eyni cür danışan insan olmadığı kimi, eyni yazan insan da yoxdur”. Bu zaman o, belə bir fərziyyə də irəli sürürdü ki, əlyazmanın ümumi görünüşü yazanın ruhi keyfiyyətlərinə uyğundur. İmperator Neronun da belə bir kəlamı məlumdur: “Mən bu insandan qorxuram, çünki xətti onun satqın təbiətini göstərir”. Bir qədər sonrakı dövrlərə diqqət etsək Platon “xətt - insan qəlbinin aynasıdır” demişdir.

XVIII əsrdən başlayaraq Fransada, İtaliyada, Almaniyada və Rusiyada şəxsin psixofizioloji keyfiyyətləri ilə xətti arasındakı əlaqənin olduğunu müəyyən edən tədqiqatlar çoxalmağa başlayır. Qrafologiya ilə İ.Höte, V.Şekspir, İ.Humboldt, A.Dyuma-oğul, C.Sand, V.Skott, V.Solovyov, A.P.Çexov və digər şəxslər maraqlanırdılar. İ.V.Höte yazırdı: “Xətt insanın bütün varlığı ilə, həyatı ilə, iş şəraiti və onun sinir sistemi ilə bağlıdır. Ona görə də bizim yazı tərzimiz, şübhəsiz, təmasda olduğumuz hər şey kimi özündə maddi fərdiyyət möhürü daşıyır”. Əslində İ.V.Höte qrafologiyanın tamamilə müasir, mistisizmdən və ideoloji anlaşılmazlıqdan uzaq elmi əsaslarının izahını vermişdir. Hətta İ.V.Höte İ.K.Lafaterə yazdığı bir məktubunda qeyd edirdi: “Şübhəsiz, insanın xətti onun düşüncə tərzi, ruhi vəziyyəti və xasiyyəti ilə əlaqəsi ola bilər və biz buna əsaslanaraq, onun əsl xüsusiyyətləri və hərəkəti haqqında bəzi məlumatlar ala bilərik…” Yaranma və istifadə tarixi çox qədim dövrlərə gedib çıxan qrafoloji tədqiqat üsulu istənilən şəxsin əlyazmasını analiz edərək onun xarakteri, eyni zamanda fiziologiyası haqqında məlumat verən psixodiaqnostik tədqiqat sisteminə aiddir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Həmçinin. qeyd etmək lazımdır ki, əlyazmanın analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir. Qrafoloji analiz vasitəsi ilə insanın temperamentini, xarakterini, əlyazmanı icra etdiyi zaman psixofizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar. Qrofoloji analiz bizə imkan verir ki, əlyazmanı icra edənlə ünsiyyətdə olmadan onun psixoloji portretini tərtib edək. Eyni zamanda bu tədqiqat metodu bizə imkan verir ki, tədqiq olunana gərəkli məlumatlar və məsləhətlər verək.

Dünya təcrübəsinə diqqət yetirdikdə qrafologiyadan vakansiyaların seçimində, ailədaxili münasibətlərdə, kriminalistikada, hərbi xidmətdə, hüquq-mühafizə orqanlarında, partnyorların və qrup üzvlərini seçilməsində geniş istifadə olunduğunu görmək olur. 

Krepye-Jamen təsdiq edirdi ki, hər millətin, hər irqin özünəməxsus xarakterik fərqləri və xüsusiyyətləri mövcuddur. O, xətti insanın mimikası və əl-qol hərəkətini aşağıdakı kimi müqayisə edirdi: “Xəttin mimika ilə eyniləşməsi büsübütün tamdırsa, biz xəttən hər şeyin əldə olunmasının mümkünlüyünü güman edirik: məsələn, 1) üstünlük və miskinlik əlamətlərini; 2) təbiətinin əlamətlərini və əqlin qabiliyyətini; 3) əxlaqi xasiyyətin ələmətlərini (adət və hisslər); 4) iradə əlamətlərini; 5) estetik hisslərin əlamətlərini; 6) yaşın əlamətlərini; 7) cinsiyyət ələmətlərini; 8) bəzi patoloji göstərişləri

Bu da onunla izah olunur ki, bir xalqa, millətə aid müəyyən olunmuş əlamətləri (ümumi qəbul olunmuş əlamətlərdən başqa) digər xalqın və millətin nümayəndələrinə tətbiq etmək düzgün deyildir. Xəttin fərdiliyi tək yazanın psixoloji xüsusiyyətlərindən asılı deyil, həm də fizioloji və bir çox başqa xüsusiyyətlərdən asılıdır. Ümumiyyətlə, hər bir şəxsin psixologiyasına onun aid olduğu millətin mental dəyərləri, xüsusiyyətləri, təbii coğrafi şəraiti, ailə qayda-qanunları və sair təsir edir ki, bu da əlyazmada mütləq öz əksini tapır. Buna görə də düşünürük ki, hər bir millətin özünəməxsus xüsusi tədqiqat metodikası olmalıdır.

        Emin Əliyev

     Məhkəmə Ekspertizası Mərkəzinin böyük eksperti

     12 fevral 2021-ci il tarixdə "serqqapisi.az" saytında dərc olunmuşdur