date saat

Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Qaraçuq kənd mərkəzində “Bələdiyyə əmlakının idarəolunması və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin vəzifələri” mövzusunda seminar keçirilmişdir.

Giriş sözü ilə seminarı Naxçıvan Şəhər İcra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qasım Məmmədov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.

Sonra Ədliyyə Nazirliyinin əməkdaşları Xəyal Eyvazovun “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin vəzifələri”, Ayaz Məhərrəmovun “Bələdiyyə aktları üzrə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri” və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oqtay Məmmədovun “Bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları və torpaqların münbitliyinin təmin olunması sahəsində yerli özünüidarəetmə orqanlarının vəzifələri” mövzusunda çıxışları dinlənilib.

Bildirilib ki, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və onların mühafizəsi ilə bağlı bələdiyyələrin vəzifələri icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və torpaqların münbitliyinin artırılması sahəsində qanunla müəyyən edilmiş tələblərə əməl etməkdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət Ədliyyə Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda, qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozan şəxslər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

Vurğulanıb ki, muxtar respublikada torpaqların münbitliyinin artırılması diqqətdə saxlanılır və bununla bağlı tədbirlər müəyyənləşdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilmiş, görüləcək işlərin istiqamətləri müəyyənləşdirilmiş və yerli özünüidarəetmə orqanlarının da üzərinə mühüm vəzifələr qoyulmuşdur. Bələdiyyələr həmin tədbirlərin yerinə yetirilməsi üçün öz səy və imkanlarını artırmalı, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında maarifləndirmə tədbirləri keçirməlidir.

Sonda seminar iştirakçılarına “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsinin xüsusiyyətlərinə dair” metodiki vəsait təqdim edilmiş, verilən suallara aydınlıq gətirilmişdir.

 

        Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti