date saat
Yanvarın 30-da Ədliyyə Nazirliyinin kollektivi muzey günləri çərçivəsində Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edib. Naxçıvan abidələri içərisində mühüm əhəmiyyətə malik “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 05 iyun 2013-cü il tarixli Sərəncamı ilə yaradılmışdır.
Bələdçi muzey kompleksi haqqında kollektivə ətraflı məlumat verərək bildirib ki, "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Ərazidə gedən müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış, sonra yenidən bərpa edilmişdir. Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri nəticəsində ərazidə bərpa işləri aparılmış, 2014-cü ildə muzey kompleksi kimi fəaliyyətə başlamışdır.
Muzeyin fondunda 500-dən çox eksponat vardır. Həmin eksponatların əksəriyyəti ekspozisiyada nümayiş etdirilir. E.e V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada həm də müxtəlif xalçalar və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Kompleksdə nümayiş olunan abidələr Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin qədim köklərə malik olduğunu göstərir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və bu torpağın antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zənginliyini sübut edir. Kompleksin mağara hissəsində də bərpa işləri aparılmışdır. Arxeoloji qazıntılar zamanı ərazidə tapılan məişət əşyaları, dulusçuluq məmulatları, məzar daşları, baş daşları və s. eksponat kimi qorunur və nümayiş olunur.
Sonra nazirliyin əməkdaşları muzeylə əyani şəkildə tanış olmuş, Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti