date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə “Naxçıvan” Universitetinin 2020-2021-ci tədris ili üçün birgə təsdiq olunmuş tədbirlər planına uyğun təşkil edilən “Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində növbəti maarifləndirici konfrans “Valideyn himayəsindən məhrum olan uşaqların sosial, hüquqi və psixoloji müdafiəsi” mövzusuna həsr edilib.
Konfransı giriş sözü ilə universitetin rektoru dosent Nurlana Əliyeva açaraq valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası üçün onların hüquqi, sosial və mənəvi müdafiəsinin əhəmiyyəti barədə məlumat verib.
Konfransda nazirliyin əməkdaşları Reyhan Sadiqovanın “Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquq və mənafelərinin müdafiəsi” Həbibə Əliyevanın “Övladlığa götürmənin qanunvericiliklə əsası” Rəşad Allahverdiyevin “Uşaqların qəyyumluq və himayəyə verilməsinin hüquqi tərəfləri” mövzusunda, universitetin müəllimləri Təranə Əliyevanın “Valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji vəziyyəti” və Nəzakət Yusifovanın “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial adaptasiyası” mövzusunda çıxışları dinlənilib.
Qeyd olunub ki, respublikamızda cəmiyyətin ən həssas təbəqəsi olan valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara xüsusi diqqət ayrılır, onların sosial, psixoloji və hüquqi müdafiəsi sahəsində dövlət tərəfindən qanunvericilklə müəyyən olunmuş qaydada tədbirlər həyata keçirilir. Həmin şəxslər üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradılır. Vurğulanıb ki, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bütün növ sosial-hüquqi xidmətlərlə təmin olunması dövlət tərəfindən daim nəzarətdə saxlanılır.
Konfransda valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumluq və himayəyə verilməsinin, övladlığa götürülməsinin şərtləri, qaydaları haqqında məlumat verilib. Bildirilib ki, qanunvericilkdə müəyyən edilmiş qaydada valideynini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqlar qəyyumluğa və himayəyə verilərkən, övladlığa götürülərkən həmin uşaqların maraqları nəzərə alınmalı, onların mənafeyinə xələl gətirəcək hallara yol verilməməlidir. Sosial adaptasiya olmaları və psixoloji vəziyyətlərinin gərgin olmaması üçün lazımi tədbirlər görülməlidir.
Bildirilib ki, ölkəmizdə uşaq hüquqları sahəsində aparılan uğurlu dövlət siyasəti muxtar respublikamızda da uğurla davam etdirilir. Mövcud təbəqədən olan uşaqlara daim diqqət və qayğı göstərilir, onların şəxsiyyət və fərd kimi inkişafına yönəlik proqramlar həyata keçirlir.
Çıxışlar ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti