date saat
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin birinci hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Əmək insan həyatının, onun sağlamlığının və firavan yaşayışının əsas şərtidir. Cəmiyyətin maddi əsasını əmək fəaliyyəti təşkil edir. Əmək cəmiyyətin təməli, insanların firavan həyatının əsasıdır. Buna müvafiq olaraq əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət seçməklə xarakterizə olunur.
İnsan həyatının ayrılmaz hissəsi olan əmək fəaliyyəti ilə məşğul olan hər bir kəs cəmiyyətin və Vətənin inkişafına öz töhfəsini verməklə məzuniyyət hüququndan da istifadə etmək imkanının əldə edir. Məhz əməklə Vətənimizin ayrılmaz parçası olan Naxçıvan da bu gün yenidən qurulur, inkişaf və tərəqqi edir. Əmək bütövlükdə insan cəmiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır.
İşçi Əmək Məcəlləsinə görə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək müqaviləsi (kontraktı) isə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Qeyd edək ki, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etməkdir.
Əmək Məcəlləsinin 16-cı fəslinə daxil olan maddələr məzuniyyət hüququ və onun təmin edilməsi ilə bağlı təminatları özündə ehtiva edir. Belə ki, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarına gəldikdə isə qeyd edilməlidir ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Əmək müqaviləsində qeyd olunanlardan əlavə təminatların verilməsi də nəzərdə tutula bilər.
Əmək Məcəlləsində işçilərin məzuniyyət hüququnun növləri də müəyyən edilibdir.
-əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti,
-sosial məzuniyyət,
-təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti,
-ödənişsiz məzuniyyət.
Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri də nəzərdə tutula bilər. Məcəllədə əmək məzuniyyəti və onun verildiyi iş ilə bağlı müddəalar da öz əksini tapıbdır.
Əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.
Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.
Ayaz Məhərrəmov
Ədliyyə Nazirliyinin əməkdaşı
"Nuhcixan.az" saytında dərc olunmuşdur