date saat

Yanvarın 22-də Məhkəmə Ekspertizası Mərkəzində ötən ilin yekunlarına dair Ədliyyə Nazirliyində keçirilən kollegiyadan irəli gələn vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə ötən dövr ərzində mərkəzdə görülən işlər təhlil olunmuş, qarşıda duran vəzifələrin icrası istiqamətində tapşırıqlar verilmişdir.

Müşavirəni giriş sözü ilə ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq ekspertiza fəaliyyəti ilə bağlı altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci və üçüncü sessiyalarında verilmiş tapşırıqları və nazirliyin ötən ilin yekunlarına dair keçirilən kollegiyasından irəli gələn vəzifələri diqqətə çatdırmışdır.

Mərkəzin rəisi ədliyyə müşaviri Rafiq Cəfərov məruzə edərək bildirib ki, 2020-ci il ərzində ekspertiza aparılması üçün Məhkəmə Ekspertizası Mərkəzinə 231 ekspertiza işi daxil olmuşdur. Daxil olan işlərin 11-i ballistik, 14-ü trasoloji, 5-i daktiloskopik, 13-ü xətşünaslıq, 3-ü sənədlərin məhkəmə texniki ekspertizası, 36-ı narkotik vasitələrin ekspertizası, 18-i məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası, 14-ü əmtəəşünaslıq, 76-sı mühasibatlıq, 18-i psixoloji, 21-i tikinti-texniki, 2-si isə yanğın- texniki ekspertizası üzrədir. İcra olunmuş 210 ekspertiza işinin 189-na rəy, 21-nə isə arayış verilmişdir. Hesabat dövrü ərzində 20 ekspertiza işi icra olunmadan geri qaytarılmış, 1 ekspertiza işi üzrə vəsatət verildiyindən icraatı müvəqqəti dayandırılmışdır. Ekspertizalardan 5-i əlavə, 4-ü təkrar, 2-si isə kompleks ekspertizadır. Tədqiqata daxil olan işlərin 93-ü 10 gün, 63-ü 20 gün, 54-ü isə 30 gün müddətinə icra olunmuşdur. Tədqiqata ümumilikdə daxil olmuş 869 ədəd maddi sübutların 483 ədəd şəkilləri çəkilmiş, 2 ədəd cədvəl tərtib edilərək rəylərə və arayışlara əlavə edilmiş, ekspertlər qarşısında qoyulmuş 491 sual cavablandırılmışdır.

Mərkəzə imza hüququ almış üç ekspertin  təyinatı aparılmış, ehtiyac olan sahələr üzrə 2 ekspert Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə əlavə imza hüququ almaq üçün kurslara cəlb edilmişlər. Kurs prosesi hazırda onlayn formatda davam etdirilir.

Mərkəzdə hamiliyə verilən tələbələrin təcrübə kursu keçmələri təmin edilmiş, “Qarabağ uğrunda Qələbə“ devizi altında atıcılığın “tir” növü üzrə ədliyyə könüllüləri arasında birincilik yarışı keçirilmişdir. Aidiyyəti dövlət təşkilatlarının əməkdaşları və hərbçilər üçün maarifləndirici praktiki seminarlar təşkil edilmişdir.

Daktiloskopiya sahəsi ilə bağlı 1 ədəd, tikinti-texniki ekspertizası üzrə 8, mühasibatlıq ekspertizası üzrə 9, xətşünaslıq sahəsi ilə bağlı 12 ədəd metodik məktub hazırlanaraq aidiyyəti hüquq mühafizə və məhkəmə orqanlarına göndərilmişdir.

Ötən il ərzində ümumilikdə 2 dəfə xidməti müşavirə keçirilmiş, müşavirələrdə tərtib olunan rəylərin təhlili aparılmış, ekspertiza sahələri üzrə yol verilmiş nöqsanlar, xüsusilə daktiloskopik ekspertizası sahəsi üzrə nöqsanlar təhlil edilmiş, nöqsanların aradan qaldırılması ilə əlaqədar tapşırıqlar verilmişdir.

Rafiq Cəfərov növbəti ildə də işlərini daha səmərəli quracaqlarına, ekspert rəylərini obyektiv, tam, dolğun tərtib edəcəklərinə, bütün ekspertiza sahələri üzrə işlər təhlil edilməklə yeni texnologiyaların tətbiqini, ekspertlərin əlavə ixtisaslara yiyələnməsini, onların peşə hazırlığının artırılmasını, kurs və treninqlərə cəlb edilməsini diqqətdə saxlayaraq, məhkəmə və hüquq mühafizə orqanları ilə qarşılıqlı şəkildə səmərəli əməkdaşlıq qurulacağına, mərkəzin inzibati binasını, istifadəyə verilmiş avadanlıqları qoruyub saxlayacaqlarına, yeni avadanlıqların istifadəsi qaydalarını öyrənəcəklərinə dair söz verdiklərini qeyd etmişdir.

Sonra mərkəzin mühəndis-texniki ekspertizası bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Həsən Babayev, İqtisad ekspertizası bölməsinin rəisi, kiçik ədliyyə müşaviri Rasim Quluzadə, Əlyazmalar, səslərin və sənədlərin texniki ekspertizası bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Emin  Əliyev və Ballistik və trasoloji ekspertizalar bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyev icraatlarında olan işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etmişlər.

Nazir müşavirəyə yekun vuraraq qeyd edib ki, mərkəz hər zaman muxtar respublika rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ekspertizaların keyfiyyətli və hərtərəfli aparılmasını təmin etmək, o cümlədən ekspertiza sahəsində rast gəlinən problemlərin aradan qaldırılması məqsədilə Mərkəzə Avropa Məhkəmə Ekspertizaları Birliyinin yüksək standartlarına cavab verən 16 adda kimyəvi maddələr  və tozlar olmaqla, ümumilikdə 62 adda müxtəlif təyinatlar üzrə müasir avadanlıqlar alınmaqla ekspertlərin istifadəsinə verilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin ekspertizası sahəsində yüksək həssaslığa malik elektron tərəzi və spektrometrin elektron məlumatlar bazası (kitabxanası) alınmışdır. Həmin kitabxana spektrometr avadanlığının yaddaşına yüklənmiş və hazırda istifadə olunur.

Qeyd edilənləri nəzərə alaraq ekspertlər daxil olan ekspertiza işlərinin keyfiyyətli və hərtərəfli tədqiq edilməsini təmin etməli, ekspertlərin peşə biliklərinin artırılması diqqətdə saxlanılmalı, mərkəzə alınmış avadanlıqların təyinatı üzrə istifadəsi təmin edilməlidir. Metodiki vəsaitlərin və  tövsiyə xarakterli məktubların hazırlanması və aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq davam etdirməlidir.

 

    Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti