date saat
Yanvarın 12-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində ötən ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. Kollegiyanı Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq gündəliyi və reqlamenti elan edib. Nazir çıxışında bildirib ki, artıq 2020-ci hesabat ili başa çatıb. Yola saldığımız il ölkəmiz üçün əlamətdar hadisələrlə yadda qaldı. Muxtar respublikanın hərtərəfli inkişafı çərçivəsində ədliyyə və məhkəmə sistemi də Muxtar Respublika Rəhbərinin göstərdiyi diqqət və qayğı nəticəsində günü-gündən müasirləşir.
Vurğulanıb ki, hesabat dövründə nazirlikdə və tabe qurumlarda hüquqi maarifləndirmə və profilaktika tədbirləri davam etdirilmiş, məhkəmə qərarlarının vaxtında icrasına nəzarət artırılmış, ekspertlərin peşəkarlıq səviyyələrinin artırılması diqqətdə saxlanılmış, bələdiyyə orqanlarına inzibati nəzarət gücləndirilmiş və onlara metodiki köməkliklər göstərilmişdir. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci və üçüncü sessiyalarında qarşıya qoyulan vəzifələr və nazirliyə aid cari tapşırıqların icrası təmin edilmişdir.
Muxtar Respublikamızda cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər də diqqətdən kənarda qalmamışdır. Şəxsi heyətin fiziki cəhətdən hazırlıq səviyyəsinin yüksəldilməsi nəzarətdə saxlanılmış, həbs edilmiş və məhkum edilmiş şəxslərlə fərdi-tərbiyəvi söhbətlər aparılmışdır. Cəza çəkən şəxslərin sağlamlığının qorunması, onların tibbi təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüş, müəssisələrin binalarında, ərazisində və ətrafında mütəmadi olaraq kompleks dezinfeksiya işləri həyata keçirilmişdir.
Hesabat dövrü ərzində qərarların vaxtında icra olunmasına nəzarət artırılmışdır. İcra və Probasiya şöbəsinin əməkdaşlarından ibarət işçi qrup hesabat dövrü qərarların vaxtında icra olunmasına köməklik göstərmək məqsədilə Naxçıvan şəhər, Şərur və Sədərək rayonları üzrə icra və probasiya qurumlarında olan işlərə cəlb edilmişlər. İl ərzində icra və probasiya şöbə və bölmələrinin icraatına 3956 icra sənədi daxil olmuş, bunlardan 1691 iş tam icra olunmuş, 1834 iş icraya yönəlmiş, 237 iş geri qaytarılmış, 190 iş ərazi aidiyyəti üzrə göndərilmiş, 4 işin icraatı dayandırılmışdır. Ötən illərdən icrası davam etdirilən 2016 iş tam icra olunmuşdur. İcra işləri üzrə 204 borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, 151 borclunun üzərinə qoyulmuş məhdudiyyət götürülmüşdür. İcrası davam edən icra işləri üzrə 66 borclu barəsində axtarış qərarı verilmiş, aliment və pul tələbi ilə bağlı icra işləri üzrə 32 nəfər borclu inzibati qaydada həbs edilmişdir. İcradan qəsdən yayınan 59 borclu ilə profilaktik söhbətlər aparılmış, onlara icra sənədi üzrə tələbin qərəzli olaraq icra edilməməsi və ya tələbin icrasına maneçilik törətmənin yaratdığı inzibati və cinayət məsuliyyəti barədə məlumat verilmişdir. İl ərzində borcluların cinayət məsuliyyətinə cəlb edilməsinə dair verilmiş təqdimatlar əsasında 3 cinayət işi başlanılmışdır. Müqayisə göstərir ki, cari ilin hesabat dövründə icraata daxil olan işlərin sayı 2019-cu ilə nisbətən 409 iş çox olmuşdur. Probasiya sahəsi üzrə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş 7 nəfərə elektron nəzarət vasitəsi tətbiq edilir. Qeyd edək ki, görülən tədbirlər və maarifləndirmə nəticəsində həmin məhkumlarla bağlı hər hansı qanun pozuntusu aşkar edilməmişdir.
Kadrlara ehtiyac nəzərə alınaraq işə qəbulla bağlı elan olunmuş müsabiqə mərhələlərini keçmiş namizədlərin Ədliyyə Akademiyasında onlayn icbari təlim keçmələri təmin edilmişdir. Müvəffəqiyyət qazanmış 6 namizədin vakant icra məmuru vəzifələrinə təyinatı aparılmışdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli icra və probasiya qurumlarının ştat cədvəlində dəyişiklik olunaraq Kommersiya Məhkəməsi üzrə İcra Bölməsi təsis edilmişdir.
Ötən ildə məhkəmənin müəyyən etdiyi aliment və pul məbləğinin borcludan alınıb tələbkara ödənilməsi əsas vəzifələrimizdən biri olmuşdur. Hesabat dövrü İstintaq bölməsində 5 cinayət işinin istintaqı aparılmış, 4 cinayət işinin istintaqı tamamlanaraq müvafiq məhkəmələrə göndərilmiş və 1 cinayət işi üzrə təqsirləndirilən şəxsin aliment borcunun istintaq dövründə ödənilməsi təmin edildiyindən icraatına xitam verilmişdir.
Qeydiyyat və notariat şöbəsi tərəfindən 2020-ci ildə 2 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınmış, 2 qeyri-kommersiya hüquqi şəxsə təkrar şəhadətnamə, 3-nə reyestrdən çıxarış verilmiş, 9-u dövlət reyestrindən çıxarılmış, 4-ü ilə bağlı reyestrdə dəyişiklik edilmiş və 39 sub-qrant müqaviləsi qeydiyyata alınmışdır. Şöbə tərəfindən yerlərdə icra nümayəndələri üçün, eyni zamanda İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) aparatı ilə birgə muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün maarifləndirici seminarlar təşkil edilmiş, onlara nazirlik tərəfindən hazırlanan bukletlər paylanılmışdır.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci və üçüncü sessiyalarında bələdiyyə fəaliyyəti ilə bağlı verilmiş tapşırıqlar və bələdiyyələrdə aparılan yoxlamalar zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə yaradılmış komissiyada nazirliyin əməkdaşının iştirakı təmin edilmişdir. Hesabat dövrü ərzində Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçuları üçün Ordubad və Kəngərli rayonlarında, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə birgə muxtar respublikanın bütün şəhər və rayonlarında maarifləndirici seminarlar təşkil edilmiş, onlara metodiki vəsaitlər təqdim edilmişdir. Bələdiyyələrə qanunvericiliyin tələbləri ilə bağlı tövsiyə məktubları, rayon (şəhər) icra hakimiyyətlərinə isə bələdiyyə fəaliyyəti ilə bağlı məktublar göndərilmişdir.
Hüquqi cəmiyyətdə qanunun alilliyini təmin edən əsas vasitələrdən biri hüquqi maarifləndirmədir. Bu amili əsas götürən nazirlik hesabat dövrü ərzində kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə etməklə bu istiqamətdə işlərini davam etdirib. Nazirliyin təşəbbüsü ilə Naxçıvan Dövlət Televiziyası tərəfindən “Muxtar respublika bələdiyyələri haqqında” və probasiya nəzarəti həyata keçirilən məhkumlarla bağlı “Humanizm və cəza” proqramları hazırlanmış, efirə verilmişdir. “Şərq qapısı”qəzetində “Bələdiyyə torpaqlarından istifadə qanunla necə tənzimlənir” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
Nazirliyin əməkdaşları Naxçıvan Dövlət Televiziyasında, Naxçıvan Dövlət Radiosunda, “Şərq qapısı” qəzetində, rayon (şəhər) qəzetlərində, elektron internet resurslarında çıxışlar etmişlər, nazirliklə bağlı xəbərlər həmin kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. “Naxçıvanxəbərləri.com”internet səhifəsinin hüquq guşəsində nazirliyin əməkdaşları tərəfindən il ərzində aktual hüquqi mövzular üzrə suallar cavablandırılmışdır.
Nazirliyin elektron səhifəsinin xəbərlər guşəsinə 109 xəbər formatlı yazı yerləşdirilmişdir. Ötən dövr ərzində nazirliyin rəsmi instaqram, facebook və youtube səhifələri istifadəyə verilmiş, həmin səhifələrdə 444 rəsmi xəbər, xəbər formatlı yazı və hüquqi maarifləndirmə mövzularında videomateriallar yerləşdirilmişdir. “Hüquqi aktların Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq hesabat dövrü reyestrə 175 hüquqi akt daxil edilmişdir ki, həmin aktlardan 114-ü normativ, 56-ı isə qeyri-normativ hüquqi akt, 5-i isə normativ xarakterli aktlardır. Reyestr daxil edilən yeni hüquqi aktların hesabına daha da zənginləşdirilmiş, internet səhifəsinin istifadəçilər üçün daimi açıqlığı təmin edilmişdir.
Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının tələbələri ilə görüşlər təşkil edilmiş, onların nazirliyin aparatında, Penitensiar Xidmətdə, Məhkəmə Ekspertizası Mərkəzində və yerli qurumlarda, eləcə də Naxçıvan və Əliabad bələdiyyələrində təcrübə kursu keçmələri təmin edilmişdir. “Naxçıvan” Universiteti ilə birgə təsdiq edilmiş tədbirlər planının icrası istiqamətində elmi-praktiki konfranslar keçirilmişdir. Gənclər Fondu ilə birgə hüquqşünaslıq ixtisasının tələbələri üçün “Məhkəmə simulyasiyası” və “İcra simulyasiyası” layihələri həyata keçirilmişdir.
Vurğulanıb ki, Məhkəmə Ekspertizası Mərkəzinə müxtəlif ekspertiza sahələri üzrə 231 ekspertiza işi daxil omuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 18 iş azdır. İcra olunmuş ekspertizalar üzrə ümumilikdə 189 rəy, 21 arayış verilmiş, 20 ekspertiza işi icra olunmadan geri qaytarılmış, 1 işin icraatı vəsatət verildiyindən dayandırılmışdır. Hesabat dövrü ərzində muxtar respublika rəhbərinin tapşırığı ilə ayrılmış dövlət vəsaiti hesabına mərkəzə ehtiyac olan texniki avadanlıqlar alınmış və ekspertlərin istifadəsinə verilmişdir. Mərkəz tərəfindən dövlət və xüsusi notariuslar üçün, birinci instansiya məhkəmələrinin əməkdaşları üçün maarifləndirici onlayn seminarlar təşkil edilmişdir. Naxçıvan Avtovağzal Kompleksi MMC-də ictimai nəqliyyatın sürücüləri üçün, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının tədris mərkəzində əsgər və zabitlərin psixoloji hazırlıq vəziyyətinə həsr olunmuş tədbir keçirilmişdir.
Kargüzarlığın və arxiv işinin qanunvericiliyə uyğun aparılmasına köməklik göstərmək məqsədilə rayon (şəhər) məhkəmələrinə tövsiyələr verilmiş, metodiki vəsaitlər təqdim edilmişdir. 2020-ci ilin altı ayı və yekunları ilə bağlı birinci instansiya məhkəmələrinin əməkdaşları üçün “Məhkəmə statistikası” mövzusunda seminarlar təşkil edilmiş, statistik hesabatların işlənilməsi qaydaları izah edilmişdir.
İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib, ədliyyə qulluqçuları qarşısında qoyulan tələblər, xüsusilə vətəndaşlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması ilə bağlı tapşırıqlar diqqətə çatdırılaraq, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsinin vacibliyi vurğulanıb. Nazir qeyd etmişdir ki, Ali Məclis Sədrinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci və üçüncü sessiyalarında icra, ekspertiza və bələdiyyə fəaliyyəti ilə bağlı verdiyi tapşırıqların icrası davam etdirilməli, nazirliyin bütün xidmət sahələri işə diqqəti daha da artırmalı, hüquqi maarifləndirmə və profilaktika işi daha keyfiyyətlə aparılmalıdır.
Penitensiar müəssisələrdə profilaktika tədbirləri genişləndirilməli, əməkdaşların bu sahədə peşəkarlığı artırılmalı, nizam-intizam daim möhkəmləndirilməlidir. Şəxsi heyətin və cəza çəkən şəxslərin sağlamlığının qorunması, onların tibbi təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər və aparılan dezinfeksiya işləri davam etdirilməlidir. Məhkəmə qərarlarının vaxtında icra olunmasına nəzarət artırılmalıdır. Yerli icra və probasiya qurumlarında icrası çətinlik törədən işlərin icrasına yaxından köməklik göstərilməli, profilaktiki tədbirlər davam etdirilməlidir. Elektron nəzarət qurğularının işlək vəziyyətdə olması diqqətdə saxlanmalıdır. Daxil olan ekspertiza işlərinin keyfiyyətli və hərtərəfli tədqiq edilməsini təmin etməli, ekspertlərin peşə biliklərinin artırılmasını diqqətdə saxlanmalıdır. Metodiki vəsaitlərin hazırlanması və aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq davam etdirməlidir. Bələdiyyə orqanlarında torpaqlarının icarəyə verilməsi zamanı qanunvericiliyə əməl edilməsinə nəzarəti artırmalı, bu sahədə aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığı, maarifləndirici və metodiki köməkliyin göstərilməsi tədbirlərini davam etdirməlidir. Qeydiyyat və notariat əməliyyatlarının qanunvericiliyə uyğun aparılmasını nəzarətdə saxlanmalı, icra nümayəndələri üçün keçirilən maarifləndirici tədbirlər davam etdirilməlidir.
Məruzə ətrafında Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov; İcra və probasiya şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emin Kazımov; Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov, Notariat bölməsinin rəisi vəzifəsini icra edən ədliyyə müşaviri Zülfü İsmayılov və Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri Səttar zamanov çıxış edib, müzakirələr aparılıb.
Kollegiya iclasında nazirliyin 2020-ci ilə dair iş planı və kollegiya qərarı təsdiq edilmişdir.
Kollegiyaya yekun vuran nazir qeyd etmişdir ki, Ali Məclis Sədrinin ötən il nazirlik qarşısında qoyduğu tapşırıqlar, xüsusən də icra, ekspertiza, bələdiyyə fəaliyyəti ilə bağlı tapşırıqları növbəti ildə ədliyyə orqanlarında rəhbər götürülməklə bütün tapşırıqların icrası nəzarətdə saxlanılacaqdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti