date saat

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin birgə iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Şərur rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgərləri ilə görüş keçirilmiş, onlara bayram sovqatı təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov ilk öncə Vətən Müharibəsində şəhid olan hərbiçilərimizin xatirəsini yad etmiş, onların Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirmişdir. Sonra hərbi hissənin kollektivini  qazanılan qələbə və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə səmimi qəlbdən təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Nazir qeyd edib ki, şərəfli bir vəzifəni yerinə yetirən əsgərlərimizlə xalqımız və dövlətimiz daim qürur duyur. Həmrəylik həyatımızın bütün sahələrində vacib əhəmiyyətə malikdir, xüsusi ilə də hərbiçilərimiz üçün mənəvi dayaq və əzmdir deyən nazir vurğulayıb ki, biz bunun Vətən müharibəsinin gedişatında xüsusilə şahidi olduq. Azərbaycan əsgəri və Azərbaycan xalqı Ali baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, həmrəy olaraq şanlı qələbə qazanıb. Bu qələbə Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, gənclərimizin özləri üçün hər şeydən üstün tutduğu Vətən sevgisidir.

Ölkədə aparılan ordu quruculuğu siyasəti muxtar respublikamızda da uğurla davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz olunub, maddi-texniki baza təkmilləşdirilib. Muxtar respublika ərazisindəki hərbi hissələrdə əsgərlərin məişət şəraiti, qidalanması və sağlamlıqlarının qorunması diqqətdə saxlanılır. 

Hərbi hissənin əsgərləri onlarla görüşə gəldiklərinə görə qonaqlara minnətdarlıqlarını bildiriblər. Gətirilən bayram sovqatı hərbi hissəyə təhvil verilib.

*     *   *

 

Həmin gün Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri baş ədliyyə müşaviri Daşqın Rəhimov Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlarla görüşüb. Onları xalqımızın qələbəsi və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə təbrik edib. Nazir qeyd edib ki, bu gün ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqları qorunur, onlara hörmət edilir. Cəmiyyətin bütün sferalarında olduğu kimi azadlıqdan məhrumetmə yerlərində cəza çəkən məhkumlar da unudulmur, diqqətdə saxlanılır. Bu  gün muxtar respublikada məhkumların saxlanma şəraiti, qidalanması, tibbi təminatı, hüquqlarının qorunması beynəlxalq standartlara tam uyğun həyata keçirilir.

Sonra nazir məhkumları bir daha qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, gətirilən sovqatlar paylanmışdır.  

 

   Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti