date saat

İnsan həyatında havanın, suyun, günəş enerjisinin və bu kimi digər amillərin rolu böyükdür. Ətraf mühitin sağlamlaşdırılmasında əsas ünsür kimi çıxış edən və bir çox faydalı elementləri özündə cəmləşdirən ağac və bitkilərin də insan yaşamında əhəmiyyəti heç də az deyil. Mülkiyyətçilər torpaq sahələrində (bəzən də qonşu torpaq sahələrini bir-birindən ayıran yerlərdə) məşğuliyyət kimi, tələbatlarının ödənilməsi və digər məqsədlərlə ağac və bitki kollarının əkilməsi və becərilməsi ilə məşğul olurlar. Bu ağacların qonşunun sahəsinə çıxıntılı budaqları və uzanan kökləri ola bilər. Bu cür hallarda ağac budaqlarının, uzanan köklərin, bitkilərin qonşunun mülkiyyətinə ziyan vurması qanunvericilikdə necə tənzimlənir?

Mülki Məcəllənin tələbinə görə əgər bu çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa, onun tələbi ilə bu ziyanlı hallar aradan qaldırılmalıdır. Əgər ağlabatan müddətdə onlar aradan qaldırılmazsa, hüququna toxunulan şəxs həmin budaqları və kökləri heç kəslə razılaşdırmadan kəsə bilər və kəsilmiş budaqları və kökləri ağacın mülkiyyətçisinə qaytarmağa borclu deyildir. Qonşu torpaq sahəsinə düşən meyvələr həmin sahənin mülkiyyətçisinə mənsubdur. Bundan başqa çıxıntılı budaqların olmasına icazə verən torpaq sahəsinin mülkiyyətçisi qonşu ağacının çıxıntılı budağında yetişən meyvələrə hüquq əldə edir. Bu göstərişlər meşə torpaq sahələrinə şamil edilmir. Çünki meşə torpaq sahələrində yetişən meyvələr qanunvericilikdə nəzərdə tutulmuş qaydada yığılması hamıya müəssər olan əmlak kimi onu yığan şəxsə mənsub olur.  

Çıxıntılı binalar dedikdə isə başqa daşınmaz əmlaka (torpaq sahəsinə, onun hava məkanına) keçən çıxıntıları olan binalar və qurğular nəzərdə tutulur. Hər şeydən əvvəl başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və qurğular, yerləşdikləri torpaq sahəsinin mülkiyyətçisinə mənsubdursa, həmin torpaq sahəsinin tərkib hissəsi hesab olunurlar. Başqa daşınmaz əmlaka keçən çıxıntılar üst tikili adlanır. Belə üst tikililərlə, həmin daşınmaz əmlakın mülkiyyətçisi razılaşarsa, çıxıntılı binaların və ya qurğuların mülkiyyətçisi mahiyyətcə onun torpaq sahəsindən istifadə etmiş olur. Buna görə də üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər.

      Ədliyyə Nazirliyinin əməkdaşı

      İradə Quliyeva

     25 dekabr 2020ci ildə "nuhcixan.az" saytında dərc edilib