date saat
Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda Babək rayon Hacıvar kənd mərkəzində seminar təşkil edilib. İnzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Muşfiq Məmmədsoy açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.
Seminarda nazirliyin əməkdaşları Zülfü İsmayılovun “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri”, Ayaz Məhərrəmovun “Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri” və Həbibə Əliyevanın “Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” mövzusunda çıxışları dinlənilib.
Qeyd olunub ki, vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi qeydiyyat şöbələri ilə yanaşı inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən də həyata keçirilir. Onlar doğumun, nikahın bağlanmasının və ölümün qeydiyyatının rəsmiləşdirilməsini Azərbaycan Respublikasının Konstitusiyasına, Ailə Məcəlləsinə, digər qanunvericilik aktlarına uyğun həyata keçirməlidirlər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş təlimata uyğun olaraq həyata keçirilir.
Yeni doğulan uşaqlara ad verilməsi məsələsinə toxunularaq vurğulanıb ki, uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsi yolverilməzdir. Ad qoyarkən milli adlara üstünlük verilməli, uşağın cəmiyyətdə formalaşmasına mane olmayacaq adlar seçilməli, ehtiyac olduğu təqdirdə valideynlərə bu istiqamətdə köməklik edilməlidir.
Seminarda nazirliyin əməkdaşları tərəfindən icra nümayəndəliklərində vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi zamanı yol verilən nöqsanlar diqqətə çatdırılmış, onların aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və göstərişlər verilmişdir.
Sonda tədbir iştirakçılarına “İcra hakimiyyəti nümayəndəliklərinin apardığı qeydiyyat əməliyyatlarının əsas məqamları barədə” məlumat bukleti paylanıb, verilən suallara aydınlıq gətirilib.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti