date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə 2020-ci hesabat ilinin başa çatması, məhkəmə fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsi və onların ümumiləşdirilməsi məqsədilə seminar keçirilib. Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında təşkil edilən seminarda nazirliyin əməkdaşları və muxtar respublikanın birinci instansiya məhkəmələrinin statistika sahəsi üzrə məsul əməkdaşları iştirak ediblər.
Seminarda nazirliyin Təşkilat-nəzarət şöbəsinin rəisi baş ədliyyə müşaviri Səttar Zamanov çıxış edərək bildirib ki, məhkəmə statistikası hesabat dövrü ərzində məhkəmələrin icraatında olan işlərin ümumiləşdirilməsi, təhlil edilməsi və onların təsnifatının müəyyənləşdirilməsi üçün aparılır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən muxtar respublikada birinci instansiya məhkəmələri tərəfindən yarımillik və illik statistik hesabatlar tərtib edilərək nazirliyə təqdim edilir. Məhkəmələrin fəaliyyətlərinə dair statistika hesabatlarının tərtib edilməsi, eləcə də bu sahədə yenilikləri və bilikləri təkmilləşdirmək məqsədilə hər hesabat dövrünün sonunda nazirlik tərəfindən seminarlar təşkil olunur. Seminarlarda nazirliyin əməkdaşları tərəfindən məhkəmə işçilərinə statistik hesabat formaları təqdim edilir, eləcə də statistik hesabatların işlənməsi qaydaları izah edilir, lazımi tövsiyələr verilməklə statistik hesabat formalarının düzgün və səlis tərtib olunması qeyd edilir. Bu ildə qanunvericiliyə edilmiş dəyişiklərlə əlaqədar olaraq bəzi hesabat formaları yenilənmiş, əlavə və dəyişikliklər edilmişdir.
Nazirlik tərəfindən məhkəmə fəaliyyətinə dair statistik hesabat formalarının işlənilməsi diqqətdə saxlanılır, bununla bağlı tədbirlər görülür və yeniliklər qanunvericiliyin tələblərinə uyğunlaşdırılır.
Seminarda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmiş və onlara statistik hesabat formaları təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti