date saat

“Ailə cəmiyyətin özəyidir” proqramı çərçivəsində növbəti maarifləndirici konfrans “Ailədə uşaqların hüquqları” mövzusuna həsr edilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə “Naxçıvan” Universitetinin 2020-2021-ci tədris ili üçün birgə təsdiq edilmiş tədbirlər planına uyğun təşkil edilən konfransda nazirliyin əməkdaşları ilə yanaşı adıçəkilən universitetin müəllim və tələbələri iştirak etmişlər.

Konfransda nazirliyin əməkdaşları Reyhan Sadiqovanın “Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ”, Həbibə Əliyevanın “Uşağın ad, ata adı və soyad daşımaq və adının və soyadının dəyişdirilməsi hüququ”, Rəşad Allahverdiyevin “Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq və müdafiə hüquqları” və universitetin müəllimləri Təranə Əliyevanın “Uşaqlar gələcəyin qurucusudur”, Şamil Hümbətovun “Uşaqların həyatında sosial şəbəkələrin rolu” mövzularında məruzələri dinlənilib.  Uşaq hüquqlarının prinsipləri haqqında qanunvericiliyin əsas məqamları iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, ölkəmizdə uşaq hüquqları sahəsində uğurlu dövlət siyasəti həyata keçirilir. Aparılan dövlət siyasətinin ardıcıl davamı olaraq muxtar respublikamızda da hər bir uşağın zəruri maddi məişət şəraitində böyüyüb tərbiyə olunmasına, mütərəqqi tələblər əsasında təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə şərait yaradılmışdır.

Vurğulanıb ki, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrıseçkiliyə məruz qala bilməzlər.

Konfransda uşaqların ad və soyad hüququ, öz valideyni və digər yaxın qohumları ilə ünsiyyətdə olmaq hüququ barədə qanunvericiliklə müəyyən edilmiş tələblər barədə məlumat verilib. Həmçinin sosial şəbəkələrdən və internet resurslarından səmərəli istifadə edilməməsinin uşaqların psixi və mənəvi inkişafına mənfi təsir etdiyini və bunun qarşısının alınmasında valideynlərin üzərinə düşən öhdəliklər barədə əsas məqamlar diqqətə çatdırılıb.

Məruzələr iştirakçılar tərəfindən maraqla dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.

 

          Naxçıvan Muxtar Respublikası

     Ədliyyə Nazirliyinin mətbuat xidməti