date saat
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquqşünaslıq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin nazirlikdə keçdikləri təcrübə kursu nazirliyin Məhkəmə Ekspertizası Mərkəzində davam etdirilmişdir. Tələbələr praktiki olaraq mərkəzdə aparılan ekspertizaların keçirilməsini müşahidə etmiş, tədqiqatların aparılması üçün nəzərdə tutulan avadanlıqlarla tanış olmuşlar.
Dekabrın 22-də mərkəzdə təcrübənin bitməsi ilə əlaqədar tələbələrlə görüş keçirilmişdir. Görüş zamanı ədliyyə fəaliyyətnin əsas istiqamətlərindən olan məhkəmə ekspertizasının tarixi inkişaf yolundan bəhs edilmiş, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolundan danışılmışdır. Məlumat verilmişdir ki, muxtar respublika rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində mərkəzə yeni avadanlıqlar alınmış, ötən dövrdə müasir texnologiyaların və elmi-texniki tərəqqinin açdığı imkanlardan yararlanaraq ekspertiza tədqiqatlarının dolğun və dəqiq aparılmasına, rəylərin mötəbərliyinin təmin olunmasına, yeni növ ekspertizaların keçirilməsinə nail olunmuşdur.
Vurğulanıb ki, tələbələrə təcrübə müddətində daktiloskopiya sahəsində ekspert tərəfindən kimyəvi tozlarla laboratoriya şəraitində müxtəlif əşyalar üzərindən izlərin aşkarlanaraq götürülməsinə dair müxtəlif təcrübəvi işlər aparılması və yeni təcrübəvi metodlarla bağlı məlumat verilmişdir. Fiziki-kimyəvi laboratoriyada narkotik vasitələrin tədqiqatlarının aparılması və onların tədqiqi üçün nəzərdə tutulan avadanlıqlarla tanış edilmişlər. Tələbələr digər ekspertiza fəaliyyətləri barədə də ətraflı məlumatlandırılmışlar.
Sonra tələbələr Mərkəzin ekspertlərinin təqdimatında “Kriminalistik eyniləşmə nəzəriyyəsinin inkişaf tarixi”ndən bəhs edən videoçarxa baxmışlar. Videoçarxda cinayətkarların şəxsiyyətinin müəyyən edilməsi və qeydiyyatının aparılmasında istifadə edilən üsul və vasitələr haqqında məlumat verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti