date saat

"Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı Sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin kollektivi Heydər Əliyev  muzeyini ziyarət edib.

Bələdçi muzey haqqında kollektivə məlumat verərək bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikasi Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində yaradılmış, 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır. Bu muzey ümummilli liderimizin şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk muzeydir. Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyinin ölkəmizin digər bölgələrində yaradılan muzeylərdən fərqli cəhəti ondadır ki, ulu öndərimizin həyatı və fəaliyyətindən bəhs edən bu muzey onun anadan olduğu, boya-başa çatdığı, əmək fəaliyyətinə başladığı torpaq olmaqla həm də dahi şəxsiyyətin haqqında çox zəngin və nadir materialların- eksponatların kifayət qədər olmasıdır.  Beş bölmədən ibarət muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 4 mindən çox eksponat toplanmışdır.   

Qeyd olunub ki, Muzey ümummilli liderimizin həyat və fəaliyyətinin, ictimai-siyasi, elmi-nəzəri, dövlətçilik irsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, elmi cəhətdən araşdırılıb təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması kimi şərəfli və çox lazımlı bir vəzifəni həyata keçirir. Muzeyin ekspozisiyaları, eksponatları, guşələri, sərgiləri, stendləri və digər görüntüləri ulu öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirir. Xüsusilə Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti - Ali Məclisin sədri kimi gördüyü işlər, həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, sənədlər, fotolar, filmlər, albomlar və s. vasitəsilə yüksək keyfiyyətdə nümayiş etdirilir. Əksəriyyəti ilk dəfə olaraq bu muzeydə nümayiş olunan sənədlər, materiallar dahi, yorulmaq bilməyən görkəmli şəxsiyyətin, böyük azərbaycanlının həyat salnaməsini, - uşaqlıq və gənclik illərini, təhsil aldığı illəri, rəhbər vəzifələrdə çalışdığı illərdə gördüyü çoxcəhətli şərəfli və mürəkkəb vəzifələrin yerinə yetirilməsindən bəhs edir.

Sonra nazirliyin kollektivi muzeyin ekspozisiyası ilə yaxından tanış olub, Heydər Əlirza oğlu Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə dolğun məlumat əldə ediblər.

 

          Naxçıvan Muxtar Respublikası

      Ədliyyə Nazirliyinin mətbuat xidməti