date saat
Dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün seminar keçirilmişdir. Nazirliyin və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının 2020-ci il üçün təsdiq etdiyi birgə tədbirlər planına əsasən keçirilən seminarı giriş sözü ilə Qeydiyyat və notariat şöbəsinin notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfü İsmayılov açaraq mövzunun aktuallığı barədə danışmışdır. Qeyd edib ki, demokratik inkişaf yolu seçən bütün dövlətlərdə olduğu kimi ölkəmizdə də vətəndaş cəmiyyəti quruculuğu sahəsində ictimai sektorun inkişafı üçün zəruri tədbirlər görülmüş, beynəlxalq təcrübədən istifadə olunmuşdur. Bu təşkilatların qanuna uyğun fəaliyyətinin təmin edilməsi istiqamətində qanunvericiliklə müəyyən edilən tədbirlər həyata keçirilmişdir. Nəticədə qeyri-hökümət təşkilatlarına dövlət dəstəyinin olması, onların fəaliyyətinə öz müsbət təsirini göstərmişdir.
Nazirliyin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva qeyri-hökümət təşkilatlarının fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi” haqqında məlumat verib. Bildirib ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin canlanmasında, onların səmərəli işləmələrinə müsbət təsir göstərən hüquqi bazanın formalaşması mühüm rol oynamışdır. Azərbaycan Respublikası Konstitusiyasının, eyni zamanda, Mülki Məcəlləsinin və Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununun və digər mühüm qanunvericilik aktlarının qəbul edilməsi respublikamızda bu qurumların hərtərəfli fəaliyyətinə zəmin yaratmış, QHT-lərin beynəlxalq standartlara uyğun qurulmasını şərtləndirmişdir.
“Qeyri-hökümət təşkilatlarının ictimai həyatda rolu” mövzusunda Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev çıxış edərək qeyd edib ki, ictimai təşkilatlar qanunla müəyyən olunmuş qaydada qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər. Bildirib ki, qeyri-hökümət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından biridir. Onların dövlət orqanları ilə bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı və milli maraqların qorunmasında böyük əhəmiyyət daşıyır.
Sonra mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti